Bakı. Trend:
Gürcüstanda oktyabrın 26-da keçirilmiş parlament seçkiləri hakim “Gürcü arzusu” partiyasının qələbəsi ilə başa çatdı. Gürcüstan xalqı öz siyasi iradəsini ifadə edərək seçimini azad və demokratik şəkildə gerçəkləşdirdi. Seçkilərin nəticələri Cənubi Qafqazda sabitlik və təhlükəsizlik baxımından da böyük önəm kəsb edir.
Bunu Trend-ə Milli Məclisin deputatı Samir Vəliyev deyib.
Deputat qeyd edib ki, hazırda dünyanın müxtəlif ölkələrinin liderləri Gürcüstanın hakim partiyasına təbrik məktubları göndərirlər.
“Yalnız bu ölkədə öz təsiri altında olan siyasi qüvvələri hakimiyyətə gətirməyə çalışan Qərb dairələri parlament seçkilərinin nəticələrindən “məyus” olub. Qərb əvvəlcə Ermənistanda bu planı reallaşdıraraq öz adamını- Nikol Paşinyanı hakimiyyətə gətirib. İndi isə həmin planı Gürcüstanda reallaşdırmağa çalışırdı. Lakin buna nail ola bilmədi”, - deyə S.Vəliyev qeyd edib.
Millət vəkilinin fikrincə, Qərbin “adamı” olan Paşinyan da Gürcüstandakı seçkilərin nəticələrindən “məyusdur”.
“Bunu Paşinyanın gürcüstanlı həmkarına ünvanladığı məktubdan da aydın görmək mümkündür. Hiss olunur ki, Ermənistanın baş naziri təbrik məktubunu sadəcə məcburiyyətdən, protokol qaydalarına uyğun olaraq göndərib. Paşinyan hətta etika xatirinə olaraq, Gürcüstanın Baş nazirini ölkəsinə dəvət etməyib.
Hiss olunur ki, Paşinyan da Gürcüstandakı seçkilərdən başqa nəticələr gözləyirmiş. Əgər Gürcüstanda da Qərbin dəstəklədiyi siyasi qüvvələr hakimiyyətə gəlsəydi, Ermənistanla birgə xarici dairələrin vassalı funsksiyasını yerinə yetirəcəkdilər. Eyni zamanda, bu amil Qərbin regionda təsir imkanlarının artmasına səbəb olardı. Ancaq Gürcüstan xalqının seçimi onların məqsədini alt-üst etdi. Paşinyan isə gürcü həmkarına “quru məktub” göndərməklə Gürcüstana yaxşı qonşu və etibarlı tərəfdaş olmadığını nümayiş etdirdi”,- deyə S.Vəliyev vurğulayıb.