Bakı. Trend:
Azərbaycanın təşəbbüsü ilə Dini liderlərin məşvərət şurasının yaradılması nəzərdə tutulur.
Trend-in məlumatına görə, Dini Liderlərin Bakı Qlobal Sammitinin yekunlarına həsr edilmiş mətbuat konfransında Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə məsələyə münasibət bildirərkən qeyd edib.
O bildirib ki, dünyada qəbul edilən qərarlarda din xadimlərinin iştirakı vacib məsələdir.
“Həmin şurada dünyanın müxtəlif ölkələrindən din xadimləri təmsil olunacaq. Məqsəd odur ki, din xadimləri dünyada qəbul edilən qərarlarda iştirak etsinlər. Misal üçün BMT-də və ya digər beynəlxalq təşkilatlarda qəbul edilən qərarlarda din xadimlərinin rəyinin nəzərə alınması önəmli amildir”, - deyə o əlavə edib.
Qeyd edək ki, Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı (COP 29) çərçivəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii sərvətlər Nazirliyi, Dini qurumlarla iş üzrə Dövlət Komitəsi, Beynəlxalq Müsəlman Ağsaqqallar Şurası, Qafqaz Müsəlmanları İdarəsi və BMT-nin Ətraf mühit Proqramı tərəfindən Dini Liderlərin Qlobal Bakı Sammiti keçirilir.
Sammitdə 30-a yaxın dünya və ənənəvi dinlərin liderləri, nüfuzlu dini mərkəzlərin başçıları - Patriarxlar, Vatikan və Əl-Əzhər rəsmiləri, müxtəlif qitələri, konfessiyaları təmsil edən və dünya miqyasında tanınmış görkəmli din və ictimaiyyət xadimləri, ümumilikdə 55 ölkəni və 30 beynəlxalq təşkilatı təmsil edən dövlət, elm və din xadimləri, həmçinin, KİV nümayəndələrinin iştirakı nəzərdə tutulur.