Bakı. Trend:
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Gürcüstanın Baş naziri vəzifəsinə yenidən təsdiq edilməsi və yeni hökumətin formalaşması münasibətilə İrakli Kobaxidzeyə təbrik məktubu ünvanlayıb.
Trend xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən bildirilib.
Məktubda Azərbaycanın dost ölkə və etibarlı tərəfdaş olan Gürcüstanla münasibətlərinin yüksələn xətlə inkişaf etməsindən məmnunluq ifadə olunub.
Dərin tarixi əlaqələrlə bir-birinə bağlı olan iki ölkənin həm ikitərəfli əsasda, həm də çoxtərəfli qaydada qarşılıqlı maraq doğuran sahələrdə səmərəli əməkdaşlıq etdikləri vurğulanıb.
Qeyd olunub ki, Azərbaycan bundan sonra da Gürcüstan ilə dostluğa, qarşılıqlı etimad və dəstəyə əsaslanan əlaqələri və strateji tərəfdaşlığı genişləndirmək əzmindədir.