Bakı. Trend:
Hazırda beynəlxalq müstəvidə mürəkkəb qlobal proseslər baş verir. Təsadüfi deyil ki, hətta bir çox mütəxəssislər dünyanın geosiyasi xəritəsinin yenidən müəyyənləşdirildiyini iddia edirlər. Belə bir şəraitdə dövlətlərin öz mövcudluqlarını qoruması qlobal çağırışdır. Müstəqil siyasət həyata keçirən Azərbaycan yeni dünya düzəninin formalaşması prosesində regionun lideri kimi özünü təsdiqləyib.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, müasir dövrdə dünya siyasətində çox ciddi geostrateji dəyişikliklər baş verir. Bu proseslərin fonunda beynəlxalq münasibətlər sisteminin yeni çağırışları meydana gəlir:
“Yeni geostrateji şəraitdə milli dövlətlərin beynəlxalq münasibətlər sistemində yeri və rolu məhz həyata keçirilən müstəqil siyasətin önəmindən asılıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin nəticəsində Azərbaycan böyük inkişaf yolu keçib, ölkəmizin qarşısında yeni perspektivlər açılıb. Bu hərtərəfli inkişaf bütün sahələri əhatə etməklə yanaşı, ölkəmizin iqtisadi, siyasi və hərbi qüdrəti, milli gücünün artmasını təmin edib. Bu nailiyyətlərin qazanılması ilk növbədə lider amili ilə bağlıdır. Prezident İlham Əliyevin dünya səviyyəsində güclü lider olması Azərbaycanın uğurlarını şərtləndirən başlıca amildir”.
Sevinc Fətəliyeva vurğulayıb ki, Azərbaycanın Avrasiyada mühüm nəqliyyat mərkəzinə çevrilməsi təsadüfi deyil:
“Prezident İlham Əliyevin təşəbbüsləri ilə həyata keçirilən irimiqyaslı infrastruktur layihələri sayəsində Azərbaycan mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilib. Ölkəmiz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə mühüm töhfələr verib. Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən keçməklə Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrutdur. Bu amil Orta Dəhlizin önəmini artırmaqla yanaşı, geniş bir regionda yerləşən ölkələr arasında əməkdaşlığın daha da inkişafı baxımından mühüm imkanlar təqdim edir”.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan hazırda regionda sülh və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir.
“Ölkəmiz konstruktiv, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, regional və qlobal miqyasda sabitliyə xidmət edən siyasi xətt yürüdür. Təsadüfi deyil ki, artıq bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı və inkişaf mənbəyi adlandırırlar. Eyni zamanda qlobal əhəmiyyətli transmilli layihələrin təşəbbüskarı və onların reallaşmasında lider mövqeyə malik Azərbaycan regionda ikitərəfli və üçtərəfli əməkdaşlıq formatlarının da əsas təşəbbüskarı və aparıcı fiqurudur. Müxtəlif regional əməkdaşlıq formatları məhz Azərbaycanın təşəbbüsü ilə yaranıb və səmərəli fəaliyyəti ilə regional əməkdaşlığın dərinləşməsinə mühüm töhfələr verir”, - deyə Sevinc Fətəliyeva qeyd edib.
Milli Məclisin deputatı Azər Kərimli isə Trend-ə açıqlamasında bildirib ki, formalaşmaqda olan yeni dünya nizamının əsas prinsipləri ədalət, qarşılıqlı hörmət və suverenlik olmalıdır:
“Mövcud dünya sistemi uzun müddət birtərəfli yanaşmalar və hegemon güclərin maraqları ilə idarə olunub. Bu isə beynəlxalq hüququn pozulması, münaqişələrin artması və bir çox ölkələrin haqsız təzyiqlərə məruz qalmasına səbəb olub. Yeni sistemdə isə ikili standartlar və güc siyasətinə yer olmamalıdır. Bütün dövlətlərin suveren hüquqları tanınmalı, onların daxili işlərinə müdaxilə yolverilməz olmalıdır”.
O bildirib ki, Azərbaycanın unikal coğrafi mövqeyi ölkəni Şərqlə Qərb, Şimalla Cənub arasında təbii bir körpüyə çevirir, bu strateji üstünlük Azərbaycanı regional və qlobal enerji və nəqliyyat dəhlizlərinin əsas oyunçularından biri edib:
“Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında əhəmiyyətli rol oynadığını göstərir. Digər tərəfdən, Bakı-Tbilisi-Qars dəmir yolu, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri Azərbaycanı qlobal ticarət axınlarının əsas mərkəzinə çevirib. Bu dəhlizlər vasitəsilə Azərbaycan bölgədə yeni nəqliyyat və logistika xəritəsi formalaşdıraraq, iqtisadi inteqrasiyanı və beynəlxalq əməkdaşlığı gücləndirir”.
Millət vəkili Prezident İlham Əliyevin beynəlxalq səviyyədə apardığı uğurlu siyasətin yeni dünya nizamının formalaşmasında Azərbaycanın rolunu ciddi şəkildə artırmasından da bəhs edib:
“Dövlət başçısının liderliyi ilə Azərbaycan müstəqil xarici siyasət kursunu qoruyub saxlayaraq qlobal aktorlarla balanslı münasibətlər qurub və öz milli maraqlarını hər zaman ön planda tutub. Onun rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın regional gücə çevrilməsi, beynəlxalq müstəvidə isə hörmət edilən və etibarlı tərəfdaş kimi tanınmasına səbəb olub. Prezident İlham Əliyevin “Liderlər əgər zəifdirlərsə, ölkə də zəif sayılır” fikri beynəlxalq siyasətdə liderliyin nə qədər önəmli olduğunu vurğulayan əsas mesajlardan biridir”.
Azər Kərimlinin sözlərinə görə, yeni dünya nizamında nəqliyyat və enerji infrastrukturu əsas elementlərdən biridir.
“Azərbaycanın təşəbbüsü ilə yaradılan enerji və nəqliyyat dəhlizləri yalnız ölkə iqtisadiyyatı üçün deyil, həm də bölgədə sabitlik və sülh üçün mühüm əhəmiyyət daşıyır. Xəzər regionunun enerji resurslarının Avropa bazarlarına çıxarılması, Asiya və Avropa arasında ticarət yollarının genişləndirilməsi Azərbaycanın beynəlxalq sistemdə strateji rolunu artırır.
Azərbaycan gələcəkdə də formalaşmaqda olan bu nizamın əsas iştirakçılarından biri olaraq həm milli maraqlarını qoruyacaq, həm də beynəlxalq hüquq və ədalətin bərqərar olunmasında mühüm rol oynayacaq”, - deyə deputat qeyd edib.