Bakı. Trend:
Yanvarın 29-da keçirilən bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olan müraciətlərə baxılıb.
Trend xəbər verir ki, MSK-nın bu gün keçirilən iclasında çıxışçılar şikayətlərin hansı seçki dairələrindən daxil olduğu barədə məlumat verilib.
Bildirilib ki, şikayətlər 56 saylı Şabran-Xaçmaz (2 şikayət), 67 saylı Sabirabad, 68 saylı Sabirabad-Şirvan, 72 saylı Cəlilabad kənd, 81 saylı İmişli, 82 saylı İmişli-Saatlı, 85 saylı Füzuli-Ağcabadi, 86 saylı Ağcabədi dairə seçki komissiyalarının müxtəlif məntəqə komissiyalarından daxil olub.
Qeyd edilib ki, müraciətlər aidiyyəti üzrə baxılması üçün dairə seçki komissiyalarına göndərilib.
MSK sədri Məzahir Pənahov isə əlavə edib ki, fevralın 3-də baş tutacaq iclasda şikayətlərlə bağlı araşdırmalar yekunlaşdırılmalıdır.
Qeyd edək ki, yanvarın 29-u saat 19:00-da Azərbaycanda bələdiyyə seçkilərində səsvermə başa çatıb. Saat 19:00-a olan məlumata əsasən, bələdiyyə seçkilərində 1 874 810 seçici səsvermə hüququndan istifadə edib, seçici fəallığı 31,45 % olub.
Bələdiyyə seçkilərində 118 seçki dairəsində 685 bələdiyyəyə 8 071 üzv seçiləcək. 16 092 namizədin adı seçki bülletenlərinə daxil edilib. Səs vermək hüququna malik 5 961 987 seçicinin adı siyahıya daxil edilib. Bələdiyyə seçkilərində MSK və dairə seçki komissiyalarında 70 625 müşahidəçi akkreditasiyadan keçib. 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.