Bakı. Trend:
Bələdiyyə seçkilərindən sonra Mərkəzi Seçki Komissiyasına (MSK) daxil olan müraciətlərin sayı 20 olub.
Trend xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
O qeyd edib ki, bələdiyyə seçkiləri ilə əlaqədar dairə seçki komissiyalarına 10 müraciət daxil olub:
"14 müraciət müvafiq dairə seçki komissiyalarında araşdırılır. Bugünkü iclasda isə iki müraciət araşdırılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilib.
Hazırda əsas məsələ sosial şəbəkələrdə yayılan məlumatlara diqqət edilməsidir".
MSK sədri bildirib ki, kimliyindən asılı olmayaraq, özünə bəraət qazandırmağa çalışan istənilən komissiya üzvü cəzalandırılmalıdır: "Bütün tərəflərin hüquqlarının qorunmasının tərəfdarıyıq".
Daha sonra MSK katibi Arifə Muxtarova, MSK üzvləri Ramiz İbrahimov, Tofiq Həsənov, İlkin Şahbazov və Baxşeyiş Əsgərovun təqdimatlarına əsasən, müraciətlər 81 saylı İmişli (2 müraciət), 69 saylı Biləsuvar, 119 saylı Ağdam kənd, 95 saylı Zərdab-Kürdəmir-Ucar seçki dairəsi, 82 saylı İmişli-Saatlı, 23 saylı Nəsimi-Səbail seçki dairələri üzrə daxil olub.
119 və 95 saylı seçki dairələri üzrə müraciətlər təsdiqini tapmadığından təmin edilməyib.
69 və 82 saylı seçki dairələri üzrə müraciətlər isə araşdırılması üçün dairə seçki komissiyalarına göndərilib.
MSK-nın qərarına əsasən, 81 saylı İmişli seçki dairəsi üzrə beş, 23 saylı Nəsimi-Səbail seçki dairəsi üzrə isə bir seçki məntəqəsinin nəticələri ləğv edilib.
Qeyd edək ki, yanvarın 29-u saat 19:00-da Azərbaycanda bələdiyyə seçkilərində səsvermə başa çatıb. Saat 19:00-a olan məlumata əsasən, bələdiyyə seçkilərində 1 874 810 seçici səsvermə hüququndan istifadə edib, seçici fəallığı 31,45 % olub.
Bələdiyyə seçkilərində 118 seçki dairəsində 685 bələdiyyəyə 8 071 üzv seçiləcək. 16 092 namizədin adı seçki bülletenlərinə daxil edilib. Səs vermək hüququna malik 5 961 987 seçicinin adı siyahıya daxil edilib. Bələdiyyə seçkilərində MSK və dairə seçki komissiyalarında 70 625 müşahidəçi akkreditasiyadan keçib. 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.