Bakı. Trend:
Bu gün Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.
Trend xəbər verir ki, iclasda yanvarın 29-da keçirilən bələdiyyə seçkiləri ilə əlaqədar MSK-ya daxil olan müraciətlərə baxılıb.
Məlumat verilib ki, müraciətlər 69 saylı Biləsuvar kənd, 72 saylı Cəlilabad kənd, 74 saylı Masallı (2 müraciət), 80 saylı Lerik-Astara, 82 saylı İmişli-Saatlı, 83 saylı Beyləqan, 95 saylı Zərdab-Kürdəmir-Ucar (2 məsələ), 113 saylı Qax-Şəki dairə seçki komissiyalarının müxtəlif məntəqə seçki komissiyalarından daxil olub.
Qeyd edilib ki, müraciətlər qanunvericiliyin tələbinə əsasən, aidiyyəti üzrə baxılması üçün dairə seçki komissiyalarına qaytarılıb.
Qeyd edək ki, yanvarın 29-u saat 19:00-da Azərbaycanda bələdiyyə seçkilərində səsvermə başa çatıb. Saat 19:00-a olan məlumata əsasən, bələdiyyə seçkilərində 1 874 810 seçici səsvermə hüququndan istifadə edib, seçici fəallığı 31,45 % olub.
Bələdiyyə seçkilərində 118 seçki dairəsində 685 bələdiyyəyə 8 071 üzv seçiləcək. 16 092 namizədin adı seçki bülletenlərinə daxil edilib. Səs vermək hüququna malik 5 961 987 seçicinin adı siyahıya daxil edilib. Bələdiyyə seçkilərində MSK və dairə seçki komissiyalarında 70 625 müşahidəçi akkreditasiyadan keçib. 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.