...

Fransa bu gün də Ermənistanın revanşist qüvvələrinə hərtərəfli dəstək verir - Deputat

Siyasət Materials 26 Fevral 2025 12:15 (UTC +04:00)
Fransa bu gün də Ermənistanın revanşist qüvvələrinə hərtərəfli dəstək verir - Deputat
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Fransa bu gün də Ermənistanın revanşist qüvvələrinə hərtərəfli dəstək verir.

Trend xəbər verir ki, bunu Milli Məclisdə yaradılan Korsika işçi qrupunun üzvü deputat Azər Kərimli parlamentdə Fransanın müstəmləkəçiliyindəki dənizaşırı ərazilərdən olan mətbuat nümayəndələri ilə görüşdə çıxışı zamanı deyib.

“Çox simvolikdir ki, bugünkü görüşümüz məhz Xocalı soyqırımının 33-cü ildönümünü günü baş tutur. Bilirsiniz ki, 33 il əvvəl məhz 25-26 fevralda erməni faşistləri Qarabağın Xocalı şəhərinə hücum etmiş, bu şəhəri yerlə yeskan edərək 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 Xocalı sakini qətlə yetirib. Simvoliklik isə ondan ibarətdir ki, tarix boyu buna bənzər onlarla cinayətləri törətmiş, Əlcəzair, Mərakeş, Tunis, Mali, Cibuti, Nigeriya, Çad, Seneqal, Benin, Kot-d’İvuar, Mərkəzi Afrika Respublikası, Qabon, Toqo, Kamerun, Vyetnam, Qəmər Adaları İttifaqı, Haiti və digər ölkələrdə bir neçə milyon günahsız insan, o cümlədən qadınlar və uşaqları qətlə yetirmiş, eyni zamanda 1994-cü ildə Ruandada tutsi qəbiləsinin 800 mindən çox üzvünün öldürülməsində birbaşa məsuliyyət daşıyan Fransa erməni faşistlərini o zamanlar da dəstəkləmiş, bu gün də Ermənistanın revanşist qüvvələrinə həm mənəvi, həm siyasi, həm maddi, həm də hərbi dəstək verir”, - deyə deputat əlavə edib.

Millət vəkili vurğulayıb ki, 21-ci əsrdə müstəmləkəçiliyin mövcudluğu bəşəriyyətin ən böyük problemlərindən biridir və Fransanın neokolonializm siyasəti, əslində bütün sivil bəşəriyyətə, humanizm prinsiplərinə qarşı elan olunmamış müharibədir.

"Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyi dönəmdə başlatdığı fəal müqavimət prosesi “Bandunq prinsipləri”nin yenidən fəal şəkildə təbliğ olunmasına, müstəmləkəçilikdən və neokolonializmdən əziyyət çəkən xalqların haqq səsinin ucaldılmasına zəmin yaradıb.

Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi bir neçə dəfə Fransanın işğal etdiyi ölkələrdə həyata keçirdiyi insanlıq əleyhinə çoxsaylı cinayətləri, törətdiyi vəhşilikləri faktlarla sadalayıb və bu gün rəsmi Parisin ölkəmizə qarşı yürütdüyü aqressiv, beynəlxalq hüquqa zidd siyasətinin təməlində dayanan amillərdən biri də məhz Azərbaycanın fransız neokolonializmindən əziyyət çəkən xalqların haqq səsinə verdiyi dəstək və neoimperialist iddialara boyun əyməməsidir. Ancaq Azərbaycan fransız neokolonializmindən əziyyət çəkən xalqlara dəstəyini davam etdirəcək və heç bir təzyiq Azərbaycan xalqının və dövlətinin iradəsinə güc gələ bilməyəcək”, - deyə A.Kərimli fikrini tamamlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti