...

Azərbaycan D-8 təşkilatının qlobal güc mərkəzinə çevrilməsində maraqlıdır

Siyasət Materials 5 Mart 2025 14:39 (UTC +04:00)
Azərbaycan D-8 təşkilatının qlobal güc mərkəzinə çevrilməsində maraqlıdır

Bakı. Trend:

Lokal antiterror tədbirlərinin nəticələrinin yaratdığı yeni geosiyasi reallıqlar fonunda Azərbaycan diplomatiyasının əsas vəzifələrindən biri də ölkə reallıqlarının beynəlxalq miqyasda və müxtəlif təşkilatlar çərçivəsində təbliği, Ermənistanın və onun havadarlarının informasiya cəbhəsində zərərsizləşdirilməsidir. Rəsmi Bakı Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatları regiondakı reallıqlarla tanış etmək, ölkəmizin haqlı, ədalətli yanaşmasını, sülh və sabitlikdə maraqlı olmasını onlara obyektiv şəkildə çatdırmaq istiqamətində ardıcıl tədbirlər həyata keçirir.

Bu kontekstdə müsəlman ölkələrini bir araya gətirən təşkilatlarla – İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama hərəkatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumlarla əməkdaşlıq ölkəmizin xarici siyasətində prioritet istiqamətlərdən birini təşkil edir. Uzun illər işğal altında saxlanılmış ərazilərimizdə İslam mədəniyyətinə xas tarixi, mədəni, dini abidələrin dağıdılması və yaxud “erməniləşdirilməsi” ilə bağlı faktların təşkilata üzv ölkələr vasitəsilə dünya ictimaiyyətinə çatdırılması bu fəaliyyətin başlıca qayəsində yer alır.

Rəsmi Bakı müsəlman dövlətlərinin müxtəlif əməkdaşlıq modellərini dəstəkləyir, qlobal proseslərə təsir imkanları olan qurumlara üzvlüyü zəruri hesab edir. Uğurlu iqtisadi inteqrasiya modeli kimi özünü təsdiqləyən, beynəlxalq münasibətlər sistemində xüsusi çəkiyə malik olan İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) 2024-cü ilin dekabr ayında tamhüquqlu üzv olan Azərbaycan daha bir hədəfini reallaşdırıb.

İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan səkkiz İslam ölkəsini birləşdirən D-8 1996-cı il oktyabrın 22-də Türkiyənin o zamankı baş naziri Nəcməddin Ərbakanın təşəbbüsü ilə yaradılıb. Türkiyə Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya, Pakistan və son aylarda Azərbaycanı sıralarında birləşdirən təşkilatın yaranması 1997-ci il iyunun 15-də İstanbulda rəsmən elan olunub. Əsas məqsədi üzv ölkələr arasında əməkdaşlığı inkişaf etdirmək, iqtisadi və sosial sahələrdə əlaqələri gücləndirmək olan D-8-ə üzv ölkələrdə 1,3 milyard insanın yaşaması, onların ümumi daxili məhsulunun 3,8 trilyon, ticarət həcminin 1,6 trilyon dollar (Dünya ticarətinin 4,5 faizi) civarında olması təşkilata üzvlüyün iqtisadi-siyasi əhəmiyyətini bir daha təsdiq edir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti və təşəbbüsü əsasında Prezident İlham Əliyev hələ 2017-ci il oktyabrın 20-də qurumun İstanbulda “Əməkdaşlıq yolu ilə imkanları artırmaq” devizi altında keçirilən IX Zirvə görüşündə xüsusi qonaq qismində iştirak və çıxış edib. Sonrakı mərhələdə rəsmi Ankara diplomatik səylərini davam etdirərək Azərbaycanın təşkilata üzvlüyünün əhəmiyyətini diqqətə çəkib və nəhayət, bu məsələdə yeganə tərəddüdlü mövqe nümayiş etdirən dövlət olan Misir üzvlüyümüzü dəstəkləyib.

Prezident İlham Əliyev cari ilin yanvar ayında yerli televiziya kanallarına müsahibəsində ölkəmizin təşkilata üzvlüyünün əhəmiyyətini yüksək dəyərləndirib, qurumun dünya miqyasında ciddi güc mərkəzinə çevrilməsinin mümkünlüyü diqqətə çatdırıb. Dövlət başçısı bildirib ki, İkinci Dünya müharibəsindən sonra dünyada formalaşmış münasibətlər sistemi artıq köhnəlib və çağdaş tələblərə cavab vermir: “Hesab edirəm ki, D-8 də bu boşluğu doldura bilər və bu ölkələrdə yenə də deyirəm, 1 milyarddan çox, bəlkə də 1 milyard 300 milyon insan yaşayır. Müsəlman ölkələrinin iqtisadiyyatının 60 faizi D-8-dədir, əhalinin 60 faizi yenə də D-8 ölkələrindədir. Ona görə bu, bir fürsətdir. Bu fürsəti qaçırmaq olmaz, vaxt itirmək olmaz və biz bu gündəliklə bu təşkilata üzv oluruq. Hesab edirəm ki, bizim fikirlərimiz və təkliflərimiz diqqətlə nəzərə alınacaqdır”.

Bu günlərdə D-8 təşkilatının Baş katibi İsiak Əbdülqadir İmamın Bakıya səfəri, keçirdiyi rəsmi görüşlər zamanı aparılan müzakirələr qurumun yeni üzvü olan Azərbaycanla münasibətləri bütün sahələrdə inkşaf etdirmək niyyətindən xəbər verir. Baş katib sosial şəbəkə hesabındakı paylaşımında Azərbaycanın üzv dövlətlərlə ticarət, nəqliyyat, enerji, turizm, kənd təsərrüfatı və gənclər siyasəti də daxil olmaqla, strateji əhəmiyyətli sahələrdə əməkdaşlığın inkişafına mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib. Prezident İlham Əliyev martın 4-də Baş katib İsiaka Abdulqadir İmamı qəbul edərkən Azərbaycanın tamhüquqlu üzvlüyünə verilən dəstəyi, yaranmasından ötən uuzn müddət ərzində quruma ilk üzv qəbul edilən dövlət olmasını yüksək dəyərləndirib.

Dünyada İslamın terrorla əlaqələndirilməsi cəhdlərinin, İslamofobiyanın və ksenofobiyanın artdığı, miqrant böhranının dərinləşdiyi bir dövrdə Azərbaycanın D-8 təşkilatına üzvlüyü qurumun daha da güclənməsinə, iqtisadi inteqrasiya proseslərinin güclənməsinə yeni təkan olacaq. Üzv ölkələrin mövcud potensialından tam səmərəli istifadə olunması nəticəsində qarşılıqlı ticarət dövriyyəsinin perspektivdə hazırkı 100 milyarddan 500 milyard dollara çatdırılması da əsas hədəflərdən biridir.

D-8 təşkilatı ilə əlaqələrin genişlənməsi Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun təsdiqi olmaqla, ölkəmizin çoxtərəfli əməkdaşlıq çərçivəsinin genişlənməsi, beynəlxalq təşkilatlarla təmaslarının güclənməsi baxımından mühüm rol oynayır. Azərbaycanın üzv ölkələrin böyük əksəriyyəti ilə həm ikitərəfli, həm də çoxtərəfli münasibətlərin mövcudluğu ölkəmizin təşkilatdakı fəaliyyəti üçün mühüm perspektivlər vəd edir.

MTM Analitik Qrup

Xəbər lenti

Xəbər lenti