Bakı. Trend:
Azərbaycan ilə Şimali Makedoniya arasında diplomatik münasibətlər 1995-ci ilin iyununda qurulub. Həmin ildə Azərbaycan Şimali Makedoniyanın müstəqilliyini tanıyıb. 2023-cü ildə Azərbaycanın Serbiyadakı səfiri, eyni zamanda, Şimali Makedoniyaya təyin olunub. Azərbaycan Şimali Makedoniya ilə münasibətlərin inkişafına əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir.
Şimali Makedoniya Respublikasının keçmiş prezidenti Qeorqe İvanov 2015, 2016, 2017 və 2018-ci illərdə müxtəlif tədbirlərdə iştirak etmək üçün Azərbaycana işgüzar səfərlər edib. Həmin səfərlər zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən görüşlərdə regional əməkdaşlıq məsələləri müzakirə edilib. Azərbaycan idmançıları Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində beynəlxalq yarışlarda iştirak edərkən yüksək qonaqpərvərliklə qarşılanıblar. Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani 2023-cü ilin aprelində Bakıya işgüzar səfəri zamanı ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Şimali Makedoniya ərazi baxımından kiçik olsa da, Şərqi Avropada strateji əhəmiyyətli mövqeyə malikdir və ölkə mühüm nəqliyyat dəhlizləri üzərində yerləşir. Bu istiqamətdə bəlli olduğu kimi Azərbaycan da nəqliyyat dəhlizlərinin diversifikasiyasında maraqlıdır. Həmçinin ölkəmizdən önəmli nəqliyyat marşrutları keçdiyi üçün Şimali Makedoniya ilə bu istiqamətdə əlaqələri inkişaf etdirə bilərik.
Ölkəmiz Avropa İttifaqı ilə uzun illərdir ki, enerji sahəsində fəal tərəfdaşlıq edir. Bu əməkdaşlığın təməli isə Avropa İttifaqı və onun üzv dövlətləri ilə 1999-cu il iyulun 1-də imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi əsasında qoyulub. 2006-cı ildə adıçəkilən qurumla Anlaşma Memorandumunun və 2011-ci ildə Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannamənin imzalanması əlaqələrin daha da möhkəmləndirilməsinə imkan yaradıb.
Hazırda Azərbaycan “köhnə qitə”nin 12 ölkəsini boru ilə nəql olunan qazla əhatə etmək sahəsində dünyada belə bir böyük coğrafiyaya malik aparıcı ölkələrdən biridir. Şimall Makedoniya Azərbaycan ilə enerji əməkdaşlığını daha da genişləndirmək istəyən Avropa ölkələrindədir. Azərbaycanın isə tərəfdaş ölkələrə daha çox qaz ixrac etmək imkanları var.
Təxminən üç il bundan əvvəl Bakıda imzalanmış Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq Bəyannaməsi bunun əyani təzahürüdür. Bu gün Azərbaycan qazı bir çox Avropa ölkəsinin enerji təhlükəsizliyini təmin edir və Avropadakı tərəfdaşlarımızın xahişlərinə biz hər zaman böyük diqqətlə yanaşmışıq.
Avropa ölkələrinin “yaşıl keçid” kimi xarakterizə etdikləri mədən yanacağından imtina edilməsini nəzərdə tutan proqrama baxmayaraq, uzunmüddətli perspektivdə qazdan və neftdən tam imtina edilməsi gözlənilmir. Bu isə onu deməyə əsas verir ki, Azərbaycanın karbohidrogen ehtiyatları hələ uzun illər Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oyanayacaq.
Əminə Ağazadə,
Milli Məclisin deputatı