Bakı. Trend:
Aprelin 7-də Milli Məclisin deputatları Fariz İsmayılzadə, Tural Gəncəliyev və Zaur Şükürov ölkəmizdə səfərdə olan Böyük Britaniya Parlamentinin Lordlar Palatasında hakim Leyboristlər Partiyasını təmsil edən Lord Con Manla görüşüblər.
Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycan-Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fariz İsmayılzadə iki ölkə arasında münasibətlərin inkişafı, Böyük Britaniyanın Azərbaycanın müstəqilliyi və suverenliyi məsələlərində ədalətli mövqeyi barədə fikirlərini bölüşüb.
Söhbət zamanı deputatlar Tural Gəncəliyev və Zaur Şükürov Azərbaycan-Britaniya parlamentlərarası münasibətləri, siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın perspektivləri barədə danışıblar.
Görüşdə Böyük Britaniya Parlamentinin Lordlar Palatasında hakim Leyboristlər Partiyasını təmsil edən Lord Con Man ölkələrimiz arasında mövcud olan iqtisadi və ticarət tərəfdaşlığının əhəmiyyəti, bölgədə sabitliyin yaranması ilə iqtisadi inkişaf üçün geniş potensialın mövcudluğu, bu mühitdən səmərəli istifadə olunmasının vacibliyi barədə fikirlərini açıqlayıb.
Söhbətdə gələcək əməkdaşlıq perspektivləri ətrafında da fikir mübadiləsi aparılıb.