Antalya. Trend:
BMT-nin Ümumdünya Ərzaq Proqramı Azərbaycanı ərzaq təhlükəsizliyi problemlərinin həllində tərəfdaş kimi görmək istəyir.
Bunu bu gün 4-cü Antalya Diplomatik Forumu çərçivəsində Trend-ə BMT-nin Ümumdünya Ərzaq Proqramının icraçı direktor müavini Karl Skau deyib.
"Ərzaq sahəsində qeyri-sabitlik getdikcə artır və biz həqiqətən də yeni tərəfdaşlar axtarışında fəal olmalıyıq. Biz keçən il Bakıda keçirilən iqlim tədbirində iştirak etdik və Azərbaycan hökuməti ilə əla görüşlər keçirdik və onlarla tərəfdaşlığımızı dərinləşdirməyi səbirsizliklə gözləyirik".
Karl Skau əlavə edib ki, ÜƏP ilə Azərbaycan arasında əməkdaşlığın perspektivli sahələrindən biri logistika ola bilər.
"Biz BMT-nin bütün logistika sisteminin dayağıyıq. Hesab edirəm ki, bu, mümkün istiqamətlərdən biridir. Həmçinin, təbii ki, maliyyə və diplomatik əməkdaşlıq. Dünyada bir çox çağırışlar var və genişlənmiş tərəfdaşlıq bizim üçün hazırda son dərəcə vacibdir. Bu çətin anlarda biz hər bir ölkənin, o cümlədən Azərbaycanın dəstəyinə ümid edirik", - təşkilatın nümayəndəsi əlavə edib.