...

“Laçın” dövlət sərhəd-buraxılış məntəqəsinin qurulması tarixi ədalətin bərpasıdır, suverenliyin tam bərpasının rəmzi mənasını daşıyır – ŞƏRH

Siyasət Materials 24 Aprel 2025 20:12 (UTC +04:00)
“Laçın” dövlət sərhəd-buraxılış məntəqəsinin qurulması tarixi ədalətin bərpasıdır, suverenliyin tam bərpasının rəmzi mənasını daşıyır – ŞƏRH
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

“Laçın” dövlət sərhəd-buraxılış məntəqəsinin qurulması bütövlükdə Laçın yolunun nəzarətə götürülməsi və ölkənin suveren hüquqlarına tabe etdirilməsi Azərbaycanın suverenliyinin tam bərpa olunması prosesinin ən önəmli mərhələlərindən biridir.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib.

“Bu, Azərbaycan ərazilərində yenidən separatizm dalğasını gücləndirmək istəyən, revanşizmlə yaşayan, həmçinin, ölkəmizin ərazisində daim münaqişə vəziyyəti yaratmaqla Azərbaycana qarşı təzyiq imkanlarını əldə etməyə çalışan, suveren hüquqlarımızı məhdudlaşdırmağa cəhd göstərən qüvvələrə qarşı Azərbaycan dövlətinin iradəsini ifadə edən cəsarət və qətiyyət nümunəsidir”, - o bildirib.

Millət vəkili əlavə edib ki, bu məntəqənin quraşdırılması və bütövlükdə Azərbaycan-Ermənistan sərhədinin nəzarətə götürülməsi tarixi ədalətin bərpasıdır.

“Məhz həmin ərazidən Ermənistandan işğalçı qoşunlar ölkəmizin ərazisinə daxil olmuşdu, daha öncə separtizm dalğasının stimullaşdırılması istiqamətində addımlar atılmışdı, oradan keçərək Azərbaycan ərazilərində qətliamlar törədilmişdi. Bu baxımdan, məntəqənin yaradılması tarixi ədalətin bərqərar olması kimi də qiymətləndirilə bilər”, - E.Mirzəbəyli qeyd edib.

Milli Məclisin deputatı Vüqar İskəndərov Trend-ə açıqlamasında xatırladıb ki, “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulmasından artıq 2 il keçir:

“2023-ci il aprelin 23-də Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Azərbaycanın suveren ərazisində Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub. Bu, suverenliyimizin tam bərpa edilməsinin rəmzi mənasını daşıyır. Orada şanlı Azərbaycan bayrağının ucaldılması mərasimi də baş tutub və Prezident İlham Əliyevə məruzə edilib”.

Parlamentari vurğulayıb ki, bu, şanlı, şərəfli qələbənin rəmzi atributlarını özündə daşımaq, Azərbaycan xalqının qəhrəmanlığının sübutu deməkdir:

“Uzun illər erməni tapdağı altında qalmış torpaqları geri qaytarmaq, düşməni torpaqlarımızdan çıxarmaq, onlara yerini göstərməklə biz dünyanın ən qürurlu xalqına çevrildik”.

Deputat əlavə edib ki, məntəqə artıq uğurla fəaliyyət göstərir.

“Orada şanlı Azərbaycan bayrağı dalğalanır. Biz artıq əminik ki, Ali Baş Komandanın rəhbərliyi altında qazandığımız qələbələr daimi olacaq, artıq suverenliyi bərpa edilən, sürətlə inkişaf edən ölkə kimi Azərbaycanın qlobal miqyasda artan nüfuzu yeni qələbələr, uğurlarla daha da möhkəmlənəcək”, - deyə V.İskəndərov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti