Bakı. Trend:
ABŞ-nin Deyton şəhərində NATO Parlament Assambleyasının (PA) növbəti yaz sessiyası keçirilir.
Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinidən Trend-ə verilən məlumata görə, 22-26 may tarixlərində keçirilən sessiyada Alyansa üzv olan 32 ölkənin, eləcə də tərəfdaş dövlətlərin nümayəndə heyətləri iştirak edirlər.
Bildirilir ki, sessiya çərçivəsində Deyton Sülh Razılaşmasının 30 illiyi, NATO-nun üzləşdiyi təhlükəsizlik çağırışları, Alyansın müdafiəsinin gücləndirilməsi, müdafiə xərclərinin artırılması və müdafiə sənayesinin gücləndirilməsi, NATO-nun çəkindirmə siyasəti, qlobal terorçuluqla mübarizə, BMT Təhlükəsizlik Şurasının qadın, sülh və təhlükəsizlik mövzusuna həsr olunmuş 1325 nömrəli Qətnaməsinin 25 illiyi, geniş Qara Dəniz regionuna təhlükələr, Hind-Sakit okeanı regionu ilə tərəfdaşlıq perspektivləri, Şimali Amerika və Avropanın müdafiəsinin inkişafı, Ukraynadakı müharibə, Arktika, kosmik fəza, kibertəhlükəsizlik, yüksək texnologiyaların və süni intellektin tətbiqi, geo-iqtisadi parçalanma, pilotsuz uçuş aparatları ilə aparılan müharibələrin gələcəyi və digər mövzular ətrafında müzakirələr aparılır.
Sessiyada Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyəti və Azərbaycanın NATO yanında Nümayəndəliyi iştirak edir.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisinin, habelə digər müttəfiq dövlətlərin parlament nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirib.