Bakı. Trend:
İyulun 23-dən etibarən xarici ölkə vətəndaşları müvafiq icazə almaqla Şuşa, Laçın, Ağdam, Füzuli, Xocalı və Xankəndi şəhərlərinə səfər edə biləcəklər. Bu qərar xarici turistlərin Qarabağ və Şərqi Zəngəzura axınına yol açacaq.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Millət vəkilinin sözlərinə görə, xarici qonaqların daha çox gəlməsi şəhərlərimizin maddi-mədəni irsini, tarixini və s. xüsusiyyətlərini dünyaya tanıtmaqla yanaşı, turizmin inkişafı nəticəsində yeni iş yerlərinin yaranmasına, sahibkarlıq imkanlarının genişləməsinə, infrastruktur layihərlərinin daha da yaxşılaşmasına imkan verəcək.
“Bu isə əhalinin məşğulluğunu, gəlir səviyyəsini və ümumi həyat keyfiyyətini artıraraq onların sosial-iqtisadi rifahının inkişafına müsbət yöndə öz töhfəsini verəcək”, - deyə o vurğulayıb.
Deputat bildirib ki, xarici vətəndaşların gediş-gəlişi üçün hər cür şərait yaradılıb.
“Əcnəbilər “Yolumuz Qarabağa” portalı vasitəsilə səfər etdikləri istiqamətlərdə fəaliyyət göstərən hotel və digər yerləşmə məntəqələri barədə məlumat əldə edə bilərlər. Bütün materiallar xarici dillərdə də əlçatandır.
İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən hotellərdə rezervasiya edən xarici ölkələrin vətəndaşları əlavə icazə prosedurlarına ehtiyac olmadan əraziyə giriş hüququ əldə edəcəklər. Hotellərdə rezervasiya edən şəxslərə giriş icazəsinin avtomatik verilməsi, səfər edənlərin vaxtına qənaət etməklə yanaşı, onlara səfər planlarını daha çevik şəkildə həyata keçirmək imkanı yaradır. Belə bir imkanların yaradılması nəticəsində ümid edirik ki, tezliklə xarici turistlərin bu ərazilərə axını artacaq”.
V.İskəndərov xatırladıb ki, Qarabağda abadlıq, tikinti-quruculuq işləri tam sürətlə davam edir.
“Bir neçə ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızda bir cənnət məkan yaranıb. Bu baxımdan xarici ölkə vətəndaşları da həm buralarla tanış olmalı, həm də ölkəmizin nələrə qadir olduğunu əyani şəkildə görməlidirlər”, - deyə o qeyd edib.
Milli Məclisin deputatı Naqif Həmzəyev isə Trend-ə açıqlamasında bildirib ki, Azərbaycanın xarici vətəndaşlara Qarabağ və Şərqi Zəngəzur ərazilərinə səfər etmək imkanı verməsi tarixi əhəmiyyətə malikdir:
“Bu qərar Qarabağ və Şərqi Zəngəzurda turizmin inkişafına güclü təkan verəcək. Yeni iş yerlərinin yaranacaq. Sahibkarlıq imkanlarının genişlənəcək. İnfrastruktur daha da yaxşılaşacaq. Əhalinin məşğulluq səviyyəsinin artması müşahidə olunacaq. Gəlir səviyyəsinin yüksəlməsi baş verəcək. Həyat keyfiyyəti artacaq”.
Millət vəkili vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzur zəngin tarixi-mədəni irsi, bənzərsiz təbiəti və strateji coğrafi mövqeyi ilə turizm sektorunda böyük potensial daşıyır.
“Bu ərazilərin təkcə qədim tarix abidələri deyil, həm də müasir inkişaf nümunələri ilə zənginləşməsi regionu xarici səyyahlar üçün cəlbedici edir.
Bu qərar Azərbaycanın post-münaqişə dönəmində tarix-mədəniyyət turizmi sahəsində yeni imkanlar açması baxımından strateji əhəmiyyət daşıyır.
Xarici səyyahların bu ərazilərə səfəri həm regional iqtisadiyyatın canlanmasına, həm də beynəlxalq səviyyədə Azərbaycanın turizm brendinin güclənməsinə xidmət edəcək”, - deyə N.Həmzəyev fikrini tamamlayıb.