...

Ağ Evdə tarixi razılaşma: Regionda yeni sülh dövrü

Siyasət Materials 9 Avqust 2025 17:17 (UTC +04:00)
Ağ Evdə tarixi razılaşma: Regionda yeni sülh dövrü
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Ağ Evdə imzalanan üçtərəfli Bəyannamə Ermənistan hökumətinin üzərinə paraflanmış sülh və dövlətlərarası münasibətlərin yaradılması haqqında sazişin imzalanması və ratifikasiyası ilə bağlı konkret yazılı öhdəliklər qoydu.

Bu barədə Trend-ə açıqlamasında Milli Məclisin deputatı Rizvan Nəbiyev bildirib.

Onun sözlərinə görə, bu öhdəlikləri Prezident İlham Əliyev Ermənistanın ev tapşırıqları kimi səciyyələndirdi:

"Əgər bu mərhələyə qədər bu təklifləri, Ermənistan Konstitusiyasında ölkəmizə qarşı yer alan ərazi iddiasının aradan qaldırılmasını Azərbaycan Respublikası səsləndirirdisə, indi haqlı mövqeyimizə qlobal güc mərkəzi Vaşinqtondan və ABŞ-nin hazırkı prezidenti Donal Trampdan dəstək ifadə edildi. Bu onu göstərir ki, Azərbaycan Prezidenti İlham Əliyevin sülhə və sabitliyə hədəflənmiş, düşünülmüş xarici siyasət strategiyası öz bəhrəsini verir və regiona böyük sülh gətirir. Bu sülh, eyni zamanda bir çox sahələri özündə ehtiva edən əməkdaşlıq perspektivlərini vəd edir. Bu, təkcə Ermənistanla Azərbaycan arasında olan əməkdaşlıq deyil, eyni zamanda region sərhədlərini aşan böyük coğrafiyada olan əməkdaşlığı da əhatə edir".

Millət vəkili vurğulayıb ki, regionda sülhə və sabitliyə nail olunması və sülh sazişinin imzalanması yolundakı maneə olan ATƏT-in Minsk Qrupu və əlaqəli strukturların ləğv olunması ilə bağlı Azərbaycanın təklifinə də Vaşinqtondan ali səviyyədə və yazılı formada dəstək verildi:

"Bu məsələdə də Ağ Ev Prezidenti Trampın imzası ilə yazılı şəkildə şahidlik etdi ki, tərəflər Minsk Qrupunun ləğvi ilə bağlı aidiyyəti sorğunu göndərirlər. Ağ Evdə əldə olunan nailiyətlərdən biri də Azərbaycanın bir hissəsi olan Naxçıvana maneəsiz gediş-gəlişin təmin olunması ilə bağlıdır. Prezident İlham Əliyevin illərdir müxtəlif beynəlxalq platformalarda Naxçıvana maneəsiz gediş-gəlişlə bağlı səsləndirdiyi tələb Ağ Evdə imzalan rəsmi sənəddə öz əksini tapdı. Bu bir daha sübut edir ki, Azərbaycan Prezidenti İlham Əliyev regionda davamlı sülhün əldə olunması, eyni zamanda kommunikasiyaların açılması üçün apardığı siyasət və diplomatik səylər qlobal müstəvidə də dəstək qazandı. Azərbaycanın sülhə maneə olan şərtlərinin icra edilməsinin vacibliyinə Prezident Donald Tramp tərəfindən də dəstək ifadə edildi. Əgər Ermənistan bundan sonra da əngəlləyici mövqe sərgiləyərsə, bu Prezident İlham Əliyevin də vurğuladığı kimi, Vaşinqton Administrasiyasına qarşı hörmətsizlik kimi qiymətləndiriləcək"

Politoloq İlyas Hüseynov isə Trend-ə bildirib ki, Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri arasında imzalanan sənəd çox böyük önəm daşıyır:

"Regionda sülh, sabitlik və təhlükəsizlik üçün yeni bir mərhələ başlayır. Bu sənədin tarixi əhəmiyyəti var. Sənəddə 7 maddə olsa da, bu maddələrin hər biri regionun gələcəyi baxımından prioritetləri formalaşdırır. Onlardan biri də ATƏT-in Minsk Qrupunun ləğvi üçün müraciət edilməsi ilə bağlıdır. Vətən Müharibəsindən və lokal xarakterli anti-terror tədbirlərindən sonra Minsk Qrupu faktiki olaraq fəaliyyət göstərmirdi. Bu qrupun buraxılmasına böyük ehtiyac var. Minsk Qrupunun həmsədrləri Vətən Müharibəsindən sonrakı periodda Azərbaycana səfər etdilər".

"Minsk Qrupunun mandatı altında keçirilən görüşlər yalnız münaqişəni dondurmaq, işğalçıya dəstək olmaq, işğal müddətini uzatmaq xarakteri daşıyırdı. Belə formatda keçirilən danışıqlar şübhəsiz ki, nəticə verə bilməzdi. Azərbaycan öz gücü, qüdrəti və uzaqgörənliyi sayəsində tarixi torpaqlarını işğaldan azad etdi, yeni status-kvo formalaşdırdı və Minsk Qrupunun üzvlərini də bu status-kvonu tanımağa məcbur etdi. Yeni reallıqlarda Minsk Qrupunun buraxılması önəmli hadisəyə çevrilir, Azərbaycan və Ermənistan liderləri ATƏT-in katibliyinə bu qrupun buraxılması ilə bağlı çağırışa dəstək olsunlar. Ümid edirəm ki, bu çağırışa dəstək ifadə olunacaq. Çünki ABŞ kimi super dövlət imzalanan sənədlərə şahidlik edib, zəmanət verib. ATƏT-ə üzv olan dövlətlər bu çağırışa dəstək verməlidirlər”- İ. Hüseynov deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti