...

Prezident İlham Əliyevin Slovakiyaya ilk rəsmi səfəri iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir – ŞƏRH

Siyasət Materials 9 Dekabr 2025 10:00 (UTC +04:00)
Prezident İlham Əliyevin Slovakiyaya ilk rəsmi səfəri iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir – ŞƏRH
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan son illərdə regional və qlobal proseslərdə mühüm aktora çevrilib. Ölkəmizin beynəlxalq nüfuzu, tərəfdaşlıq şəbəkəsi və iqtisadi-siyasi çəkisi günü-gündən artmaqdadır. Bu yüksəliş Prezident İlham Əliyevin uzunmüddətli strateji vizyonu, praqmatik siyasəti və qlobal trendlərə adekvat yanaşması ilə birbaşa bağlıdır. Prezident İlham Əliyevin dekabrın 8-də Slovakiyaya ilk rəsmi səfəri də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin səfəri iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir.

Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin slovakiyalı həmkarı ilə keçirdiyi təkbətək və geniş tərkibdə görüşlər, rəsmi bəyanatlar göstərdi ki, tərəflər qarşıdakı illərdə strateji əməkdaşlığı genişləndirməkdə qərarlıdır:

“Azərbaycan ilə Slovakiya arasında münasibətlər son illərdə dinamik şəkildə inkişaf edir və müxtəlif sahələri əhatə edən əməkdaşlıq gündəliyi formalaşır. İki ölkə arasında diplomatik münasibətlər qurulduğu gündən bəri siyasət, müdafiə, iqtisadiyyat, enerji, humanitar və mədəni sahələrdə əməkdaşlıq genişlənməkdədir. Eyni zamanda, ölkələr arasında münasibətlər qarşılıqlı hörmətə, bərabər tərəfdaşlığa və səmimi dialoqa əsaslanır. Hər iki ölkə beynəlxalq hüququn prinsiplərinə sadiqlik nümayiş etdirirlər. Slovakiya Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə daim hörmətlə yanaşan ölkələrdən biridir. Bu ilin noyabrın 8-də Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi paradda Slovakiya Baş nazirin müavini və müdafiə naziri Robert Kalinakın iştirakı bunun növbəti bariz nümunəsidir. Prezident İlham Əliyev də slovakiyalı həmkarı ilə mətbuata bəyanatında bu məsələyə xüsusi toxundu və paradda iştiraka görə Slovakiya dövlətinə və hökumətinə minnətdarlığını ifadə etdi. Prezident İlham Əliyev söylədi ki, bu kimi jestlər bir daha onu göstərir ki, biz, sözün əsl mənasında, dost ölkələrik”.

Deputat qeyd edib ki, Azərbaycan son illər enerji sahəsində fəaliyyətini genişləndirərək həm bölgədə, həm də Avropada mühüm qaz ixracatçısına çevrilib:

“Ötən il ilk dəfə olaraq Azərbaycan qazı Slovakiyaya çatdırılıb. Bu, iki ölkə arasında enerji əməkdaşlığının da genişləndiyini və Azərbaycanın Avropa bazarında mövqeyinin gücləndiyini göstərir. Ölkəmiz həm də boru kəmərləri vasitəsilə qaz ixrac edən dövlətlər arasında ön sırada dayanır. Hazırda Azərbaycan qazını alan ölkələrin sayı 14-ə çatıb. Bizim ümumi qaz ixracımız isə 25 milyard kubmetrdir. Bunun da yarısı Avropaya göndərilir. Avropa İttifaqının 8 üzv dövləti Azərbaycan qazı alır. Azərbaycanın qaz sənayesi inkişaf etdikcə ölkəmizin ixrac imkanları və beynəlxalq əməkdaşlığı daha da genişlənir. Bu proses Azərbaycanın regionda və Avropada həm də etibarlı enerji tərəfdaşı kimi mövqeyini möhkəmləndirir”.

S.Salmanova bildirib ki, Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri bir daha onu göstərdi ki, Azərbaycan müasir geosiyasi reallıqlar şəraitində etibarlı tərəfdaş, sözünə və öhdəliklərinə sadiq dövlət kimi qəbul edilir:

“Beləliklə, Bratislavadakı görüşlər, aparılan danışıqlar və səslənən mesajlar həm Azərbaycan–Slovakiya əlaqələrinin inkişafına yeni impuls verir, həm də ölkəmizin xarici siyasət xəttinin effektivliyini bir daha nümayiş etdirir. Hesab edirəm ki, bu əməkdaşlıq modeli qarşıdakı dövrdə müdafiə, iqtisadi, siyasi, enerji, nəqliyyat və humanitar sahələrdə daha geniş perspektivlərin açılacağına əminlik yaradır. Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və uzaqgörən siyasət sayəsində Azərbaycan beynəlxalq müstəvidə mövqelərini daha da gücləndirir və tərəfdaşlıq şəbəkəsini genişləndirməyə davam edir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti