Bakı. Trend:
8 dekabr 2025-ci il tarixində Bağdad şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İraq Respublikasının Xarici İşlər Nazirliyi arasında ikinci konsulluq məsləhətləşmələri baş tutub.
Trend xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, İraq nümayəndə heyətinə isə Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Falah Abdulhassan rəhbərlik edib.
Görüş zamanı Azərbaycan-İraq konsulluq əməkdaşlığının cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən iki ölkə vətəndaşları üçün viza rejiminin sadələşdirilməsi məsələləri müzakirə olunub.
Həmçinin iki ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qorunması, zəruri konsulluq yardımının göstərilməsi və bu istiqamətdə mövcud ikitərəfli müqavilə bazasının təkmilləşdirilməsi barədə fikir mübadiləsi aparılıb.
Tərəflər konsulluq sahəsində həyata keçirilmiş yenilikləri müzakirə edib, həmçinin miqrasiya, daxili işlər, ədliyyə, hüquqi yardım və digər sahələrdə əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıblar.
