Bakı. Trend:
“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) təkcə iri korporasiyalar üçün deyil, həm də ABŞ-nin kiçik və orta biznes subyektləri üçün imkanlar açacaq.
Bunu Trend-ə verdiyi özəl müsahibədə Amerika–Azərbaycan Ticarət Palatasının (USACC) icraçı direktoru Natiq Baxışov bildirib.
Onun sözlərinə görə, USACC tərəfindən 2025-ci ilin dekabrında təşkil olunan səfirlərin dəyirmi masası TRIPP konsepsiyasının müzakirəsi baxımından mühüm mərhələ olub. Tədbir diplomatik missiyaları, ABŞ hökumətinin yüksək vəzifəli nümayəndələrini və özəl sektoru bir araya gətirib. Bu, ABŞ Prezidenti Donald Tramp tərəfindən avqust ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirilən zirvə-görüşündə TRIPP-in elan edilməsindən sonra ilk geniş müzakirə platforması olub.
“TRIPP-in əsas məqsədi ticarət, sahibkarlıq və əlaqəliliyin inkişafı vasitəsilə rifahı təmin etməklə dayanıqlı sülhə töhfə verməkdir. Bu yanaşma Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin səfirlərinin mövqelərində aydın şəkildə əks olunurdu. İlkin mərhələdə daha çox ayrı-ayrı ölkələrə yönəlmiş təşəbbüs kimi qəbul edilən TRIPP zamanla ABŞ-nin bütün region üzrə genişlənmiş kommersiya iştirakını cəlb edə bilən daha geniş regional platformaya çevrilib”, – deyə Natiq Baxışov qeyd edib.
USACC-nin icraçı direktorunun fikrincə, TRIPP-in formalaşdırılması prosesi başa çatdıqdan sonra o, Orta Dəhlizin əsas kommersiya sütunlarından birinə çevrilə bilər.
“Amerika dövlət qurumlarının TRIPP-in gələcəyinin formalaşdırılmasında özəl sektorla birbaşa əməkdaşlığa hazır olması bizdə xüsusi ruh yüksəkliyi yaratdı. USACC-nin dəyirmi masası bu açıq yanaşmanı aydın şəkildə nümayiş etdirdi: ABŞ Dövlət Departamentinin, Ticarət Nazirliyinin, eləcə də ABŞ Beynəlxalq İnkişafın Maliyyələşdirilməsi Korporasiyasının (DFC) yüksək vəzifəli nümayəndələri səmimi və məzmunlu müzakirələrdə iştirak etdilər.
Mövqelərin uzlaşması baxımından da iştirakçı ölkələrin regional əlaqəlilik, ticarətin genişləndirilməsi və ABŞ-nin kommersiya iştirakının dərinləşdirilməsi məsələlərində baxışlarının üst-üstə düşməsi bizi ruhlandırdı. Təbii olaraq milli prioritetlərin fərqli olmasına baxmayaraq, TRIPP-in regional platforma kimi strateji dəyərinə dair vahid, gələcəyə yönəlmiş anlayış mövcud idi”, – deyə o əlavə edib.
Natiq Baxışov vurğulayıb ki, TRIPP-in regionda əlaqəliliyin gələcək inkişafına əhəmiyyətli töhfə verməsi üçün bütün zəruri elementlər – ABŞ hökumətinin güclü dəstəyi və aydın müəyyən edilmiş kommersiya məqsədləri mövcuddur.
“Prezident Trampın biznesyönümlü yanaşmasını əks etdirən TRIPP-in əsas üstünlüklərindən biri ondan ibarətdir ki, təşəbbüs ənənəvi əlaqəlilik anlayışlarının hüdudlarını aşaraq infrastruktur investisiyalarını, normativ çərçivələrin koordinasiyasını və özəl sektorun iştirakını vahid strateji platformada birləşdirir.
TRIPP-in uzunmüddətli uğuru onun daha geniş regional sistemə nə dərəcədə inteqrasiya olunmasından asılı olacaq ki, bu da hökumətlər, yerli şirkətlər və ABŞ tərəfdaşları arasında sıx əməkdaşlıq tələb edir. Bu kontekstdə ABŞ-nin regionda inteqrasiya və proseslərin harmonizasiyası istiqamətində səylərə dəstəyi həlledici əhəmiyyət daşıyacaq”, – deyə USACC-nin icraçı direktoru vurğulayıb.
Natiq Baxışov bildirib ki, TRIPP ABŞ-nin Cənubi Qafqaz və Mərkəzi Asiyada yenilənmiş iştirakının əsas elementlərindən birinə çevrilərək həm iqtisadi əlaqəliliyi, həm də daha geniş strateji maraqları gücləndirir.
“TRIPP-in ticarət və əlaqəliliyin inkişafı yolu ilə sülhə və rifaha töhfə verməkdən ibarət olan əsas konsepsiyası Azərbaycanın regional inteqrasiyaya dair uzunmüddətli yanaşmasının təməl prinsipləri ilə tam uyğunluq təşkil edir. Sovet İttifaqının dağılmasından sonra müstəqilliyini bərpa etdiyi vaxtdan etibarən Azərbaycan Bakı–Tbilisi–Ceyhan neft kəməri, Bakı–Tbilisi–Qars dəmir yolu kimi flaqman layihələr, eləcə də regional və daxili infrastrukturun inkişafına yönəlmiş genişmiqyaslı investisiyalar vasitəsilə regional inteqrasiyaya ardıcıl şəkildə sərmayə qoyub”.
Bu səylər Azərbaycanın regional ticarətin və tranzit təşəbbüslərinin təşviqindəki təcrübəsini və liderliyini ön plana çıxarır. Nəticə etibarilə, Azərbaycanın rolu və təcrübəsi TRIPP də daxil olmaqla, istənilən regional əlaqəlilik platformasının uğuru üçün həlledici əhəmiyyət daşıyır və bu töhfə ABŞ tərəfindən yüksək qiymətləndirilir və tanınır”, – deyə o bildirib.
USACC-nin icraçı direktoru əlavə edib ki, hazırkı mərhələdə regionda marağı olan Amerika şirkətləri ABŞ-nin yenilənmiş iştirakçılığı çərçivəsində yaranan imkanlar barədə aydın təsəvvür formalaşdırmaq məqsədilə yerlərdə baş verən prosesləri diqqətlə izləyirlər.
“Bu prosesdə ticarət-sənaye palataları və sahəvi assosiasiyalar əsas rol oynayır. Onlar ticarət missiyaları, konfranslar və ixtisaslaşmış görüşlər təşkil etməklə konkret kommersiya imkanlarının üzə çıxarılmasına kömək edirlər.
Ermənistan və Azərbaycan tədricən sülhə doğru irəlilədikcə, erkən mərhələdə etimadın möhkəmləndirilməsi tədbirləri, o cümlədən ilk transsərhəd sövdələşmələr beynəlxalq investorlara müsbət siqnallar göndərmiş olur. Artan sabitlik regionun bir biznes məkanı olaraq cəlbediciliyini artırır. Biz TRIPP-in təkcə “Google” və “Bechtel” kimi iri Amerika korporasiyaları üçün deyil, həm də yüksək dəyərli kommersiya həlləri təqdim edə bilən ABŞ-nin kiçik və orta müəssisələri üçün də imkanlar yaradacağını gözləyirik”, – deyə o qeyd edib.
TRIPP layihəsinə daha geniş kontekstdə toxunan Baxışov bildirib ki, Orta Dəhliz mövcud marşrutlarla müqayisədə əhəmiyyətli dərəcədə daha qısa tranzit müddətləri təmin etsə də, onun çoxtərəfli və multimodal xarakteri müəyyən çağırışlar yaradır.
“Bu çətinliklərin aradan qaldırılması üçün iştirakçıların cəsarətli və koordinasiyalı fəaliyyəti tələb olunur: tənzimləyici siyasətin uzlaşdırılması, prosedurların harmonizasiyası və xidmətlərin göstərilməsi prosesinin sadələşdirilməsi.
2025-ci ilin sentyabrında Amerika biznes dairələrinin nümayəndə heyətinin Orta Dəhliz regionuna son səfəri zamanı biz bir sıra ümidverici çoxtərəfli təşəbbüslərin şahidi olduq. Bunlara gömrük üçün "bir pəncərə" platformalarının tətbiqi üzrə səylər, birgə gömrük məntəqələrinin yaradılması planları və transsərhəd ticarətin asanlaşdırılmasına yönəlmiş digər praktiki tədbirlər daxildir”, – deyə Natiq Baxışov vurğulayıb.
USACC-nin icraçı direktoru qeyd edib ki, ABŞ-nin yenilənmiş iştirakı və TRIPP konsepsiyasının tətbiqi fonunda ABŞ dövlət qurumları və Amerika şirkətləri regional bağlantının təşviqində mühüm rol oynaya bilərlər.
“Bu kontekstdə USACC-nin əsas rolu ABŞ, Azərbaycan və daha geniş region arasında kommersiya dialoqunun təşviqindən ibarətdir. Bu istiqamətdə həyata keçirilən təşəbbüslərdən biri TRIPP üzrə dəyirmi masa olub. Biz həmçinin Azərbaycan özəl sektorunun ABŞ-nin maliyyə institutları, o cümlədən ABŞ Beynəlxalq İnkişaf Korporasiyası (DFC) ilə əməkdaşlığını fəal şəkildə dəstəkləyirik.
Martın 10-da USACC Vaşinqtonda Palatanın 30 illiyinə həsr olunmuş tədbir keçirəcək. Tədbirdə ABŞ və Azərbaycan hökumətlərinin nümayəndələri, eləcə də özəl sektorun liderləri bir araya gələcək. Biz əminik ki, yubiley konfransı iki ölkə arasında dialoq və konkret kommersiya müzakirələrinin irəlilədilməsi üçün növbəti yüksək səviyyəli platforma olacaq”, – deyə o bildirib.
ABŞ Beynəlxalq İnkişaf Korporasiyasının (DFC) TRIPP layihəsi üçün özəl investisiyaların cəlb edilməsində mümkün roluna toxunan Baxışov xatırladıb ki, 2025-ci ilin sonunda DFC 2026-cı maliyyə ili üzrə Milli Müdafiə Aktı çərçivəsində uğurla yenidən təsdiqlənib və bu, onun mandatını və imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib.
“2018-ci ildə ilkin təsdiqdən bəri DFC-nin investisiya limiti 60 milyard dollardan 200 milyard dollardan artıq səviyyəyə yüksəlib ki, bu da ABŞ Administrasiyasının DFC-ni qlobal miqyasda strateji maliyyələşdirmə institutu kimi gördüyünü əks etdirir. Əməliyyat islahatları təsdiqləmə prosedurlarının sadələşdirilməsi və bürokratik maneələrin azaldılması hesabına korporasiyanın çevikliyini artırıb. Yeni müddəalara uyğun olaraq, DFC orta gəlirdən yuxarı gəlir səviyyəsinə malik ölkələrə, prezidentin təsdiqi ilə isə hətta yüksək gəlirli iqtisadiyyatlara da daha fəal şəkildə investisiya qoya bilər, ələlxüsus da bu investisiyalar ABŞ-nin təchizat zəncirlərini, kritik əhəmiyyətli mineralları və strateji infrastrukturu dəstəkləyərsə.
Bu kontekstdə biz Cənubi Qafqaz və Mərkəzi Asiyada, ilk növbədə infrastruktur, kritik minerallar və nadir torpaq elementləri sahələrində Amerika investisiyalarının artacağını gözləyirik. Məmnunluq doğuran məqam ondan ibarətdir ki, regionda mövcud olan bir sıra layihələr artıq DFC-nin genişləndirilmiş mandatına yaxşı uyğun gəlir”, – deyə o izah edib.
Baxışov vurğulayıb ki, regional əlaqəlilik üzrə digər təşəbbüslərdən fərqli olaraq, TRIPP layihəsi ABŞ hökumətinin fəal dəstəyi ilə Amerika şirkətlərinin iştirakını birləşdirən dövlət-özəl tərəfdaşlığı modeli kimi nəzərdə tutulub.
“Bu cür ikili struktur regionu sadəcə tranzit marşrutu deyil, biznes və investisiyalar üçün real və dayanıqlı məkan halına gətirir. TRIPP Orta Dəhlizin kommersiya ölçüsünü əhəmiyyətli dərəcədə gücləndirə bilər, dəhlizin özü isə layihə üçün daha geniş geostrateji kontekst yaradır. İlkin mərhələdə TRIPP Ermənistan, Azərbaycan (Naxçıvan) və Türkiyə üzərindən Xəzər və Qara dəniz arasında alternativ tranzit marşrutlarının açılmasına töhfə verə bilər. Zamanla bu konsepsiya daha geniş Orta Dəhlizə tam inteqrasiya olunaraq, onun Mərkəzi Asiyadan Avropaya qədər uzanan məkanda strateji əhəmiyyətini daha da artıracaq.
Belə yanaşma ABŞ-nin həm dövlət, həm də özəl sektorunun yalnız regional bağlantının ayrı-ayrı seqmentlərində deyil, bütövlükdə Mərkəzi Avrasiyanın ticarət arxitekturasında davamlı şəkildə iştirakını təmin edəcək”, – deyə USACC-nin icraçı direktoru yekunlaşdırıb.
