...

USACC "Tramp Marşrutu" üzrə dəyirmi masa keçirib (FOTO)

Siyasət Materials 22 Dekabr 2025 10:10 (UTC +04:00)
USACC "Tramp Marşrutu" üzrə dəyirmi masa keçirib (FOTO)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Amerika–Azərbaycan Ticarət Palatası (United States–Azerbaijan Chamber of Commerce – USACC) Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutuna (Trump Route for International Peace and Prosperity – TRIPP) həsr olunmuş yüksək səviyyəli dəyirmi masa təşkil edib.

Trend bu barədə USACC-yə istinadən məlumat verir.

Tədbirdə TRIPP-in ABŞ-nin Mərkəzi Avrasiya üzrə yenilənmiş strateji əməkdaşlığının əsas elementlərindən biri kimi rolu vurğulanıb.

Müzakirələrdə Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrinin səfirləri, ABŞ hökumətinin yüksək vəzifəli nümayəndələri, eləcə də özəl sektorun liderləri iştirak ediblər. İştirakçılar TRIPP-in infrastrukturun sürətlə inkişafına töhfə verməsi, regional əlaqəliliyin gücləndirilməsi və Orta Dəhliz boyunca ABŞ-nin dayanıqlı iqtisadi mövcudluğunun formalaşdırılması baxımından imkanlarını müzakirə ediblər.

ABŞ Dövlət Departamentinin sülh missiyaları üzrə xüsusi elçisi Vinay Çavlanın sözlərinə görə, ABŞ-nin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətninin paraflanması tarixi imkan pəncərəsi açıb.

“TRIPP təşəbbüsü tranzit marşrutu ümumi rifahın hərəkətverici qüvvəsinə çevirərək bu sülhü möhkəmləndirməyin yoludur”, – deyə o bildirib.

Onun sözlərinə görə, Amerika şirkətləri və kapitalı bu baxışın ayrılmaz hissəsidir və ABŞ-nin hazırkı administrasiyası onların təşəbbüsün həyata keçirilməsində tamhüquqlu iştirakını təmin etmək niyyətindədir.

İştirakçılar vurğulayıblar ki, TRIPP təşəbbüsü dövlət–özəl tərəfdaşlıq modelinə, biznesyönümlü yanaşmaya və uzunmüddətli kommersiya dayanıqlığına fokuslanan regional əlaqəlilik layihələrinin yeni nəslini təmsil edir.

Sessiyanı açan USACC-nin icraçı direktoru Natiq Baxışov qeyd edib ki, TRIPP ənənəvi tranzit anlayışından kənara çıxaraq infrastruktur investisiyalarını, tənzimləyici koordinasiyanı və özəl sektorun iştirakını vahid strateji konsepsiya çərçivəsində birləşdirir. Onun sözlərinə görə, TRIPP ABŞ-nin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri ilə yenilənmiş qarşılıqlı fəaliyyətin müəyyənləşdirici elementi olub və on ildən artıq müddətdə ilk dəfə regional inteqrasiya və əlaqəlilik sahəsində bazar həlləri təklif edib.

Ermənistan, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğız Respublikası, Türkmənistan və Özbəkistandan olan səfirlər və yüksək səviyyəli diplomatlar TRIPP təşəbbüsünün inkişaf strategiyalarını necə tamamlayacağı, transsərhəd sinerjiləri necə üzə çıxaracağı və regional tranzit marşrutlarının rəqabət qabiliyyətini necə artıracağı barədə baxışlarını bölüşüblər.

“Avqust sammiti regional sülh prosesinin inkişafında tarixi rol oynadı”, – deyə Azərbaycanın ABŞ-dəkı səfiri Xəzər İbrahim bildirib.

“Əlaqəlilik və əməkdaşlıq prinsipləri Türkiyə, Gürcüstan və Mərkəzi Asiya ölkələri ilə möhkəm tərəfdaşlıq əlaqələri quraraq gələcək inkişaf üçün etibarlı platforma yaratmış Azərbaycan tərəfindən uzun illərdir təşviq olunur. Bu impuls realdır və çevik hərəkət etmək lazımdır. TRIPP-in Orta Dəhlizin əsas komponenti kimi uğurunun təmin edilməsi son dərəcə vacibdir”, – deyə səfir vurğulayıb.

“Prezident Trampın liderliyi sayəsində sülh üçün bu təkanı yaratmağa və TRIPP-i regional strategiyamızın əsas elementinə çevirməyə nail olduq. ABŞ-ın iştirakı bu təşəbbüsü Cənubi Qafqaz, Mərkəzi Asiya və digər regionlar üçün real faydalara çevirəcək. Azərbaycanlı həmkarlarımızla konstruktiv qarşlıqlı fəaliyyəti və müzakirələrin artıq konkret inkişaf layihələrinə doğru irəliləməsini alqışlayıram. Belə praktik əməkdaşlıq formatı real iqtisadi və sosial nəticələrin əldə olunması üçün son dərəcə vacibdir”, – deyə ABŞ-dakı Ermənistan səfiri Narek Mkrtçyan bildirib.

Müzakirələr zamanı ABŞ-nin Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası (DFC) daxil olmaqla Amerika institutlarının layihələrin maliyyələşdirilməsinin dəstəklənməsində, ticarətin asanlaşdırılmasında və investisiya risklərinin azaldılmasında rolu da diqqətə çatdırılıb. “Google”, “Bechtel” və “Tetra Tech” şirkətləri də daxil olmaqla özəl sektor nümayəndələri və regional ticarət assosiasiyaları sahə üzrə baxışlarını bölüşərək TRIPP və əlaqəli regional təşəbbüslərin açdığı ticarət və investisiya imkanlarına Amerika şirkətlərinin artan marağını qeyd ediblər.

“Dəyirmi masa” TRIPP-in ABŞ-nin strateji prioritetlərini regional iqtisadi inteqrasiya prosesləri ilə uzlaşdırmaq üçün unikal platforma təqdim etməsi, Cənubi Qafqaz və Mərkəzi Asiya üçün miqyaslana bilən və kommersiya baxımından həyat qabiliyyətli əlaqəlilik modeli təklif etməsi barədə ümumi qiymətləndirmə ilə yekunlaşıb. USACC TRIPP-in uğurla həyata keçirilməsini və uzunmüddətli təsirinin təmin olunmasını dəstəkləmək məqsədilə hökumətlər, ABŞ qurumları və özəl sektor arasında dialoqun təşviqinə sadiqliyini bir daha təsdiqləyib.

Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Ermənistanla Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş paraflanıb. Elə həmin gün Azərbaycan, Ermənistan və ABŞ liderləri TRIPP layihəsini də nəzərdə tutan birgə bəyannamə imzalayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti