...

Azərbaycan-Britaniya parlamentlərarası işçi qrupu yenidən formalaşdırılıb - Fariz İsmayılzadə

Siyasət Materials 10 Fevral 2026 13:13 (UTC +04:00)
Azərbaycan-Britaniya parlamentlərarası işçi qrupu yenidən formalaşdırılıb - Fariz İsmayılzadə
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan-Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı parlamentlərarası əlaqələr üzrə işçi qrupu yenidən formalaşdırılıb.

Trend xəbər verir ki, bunu bu gün işçi qrupunun rəhbəri, Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Fariz İsmayılzadə parlamentin bugünkü plenar iclasında deyib.

Millət vəkili bildirib ki, bir neçə gün öncə Londonda işçi qrupunun iclasında iştirak edib:

“Böyük Britaniya Parlamentində müəyyən daxili prosedurların problemləri səbəbindən işçi qrupunun fəaliyyəti, onların formalaşdırma qaydaları bir müddət öncə dəyişdirilib və bir çox hallarda sərtləşdirilib. Lakin səfirliyimizin, parlamentimizin və spikerin apardığı mütəmadi və ardıcıl təbliğat işi nəticəsində işçi qrupu yenidən formalaşdırılıb. Bu qrupun yaradılması üçün yeni qaydalara görə 4 müxtəlif partiyanın deputatları imza atıb”.

Deputat vurğulayıb ki, görüşlərdə regionda aparılan sülh gündəliyi, Azərbaycan-Britaniya münasibətlərinin sürətlə artması, Cənubi Qafqazda yeni reallıqlar, o cümlədən Azərbaycanın parlaq qələbəsi və Avrasiya regionunda nəqliyyat qovşağına çevrilməsi, enerji siyasəti və qlobal miqyasda vasitəçilik yolu xüsusi vurğulanıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Britaniya-Azərbaycan münasibətləri strateji səviyyəyə qalxıb.

“Britaniyalı deputatlar Azərbaycan-Britaniya strateji münasibətləri çərçivəsində yeni sahələr, o cümlədən texnologiyalar, “yaşıl enerji”, süni intellekt, logistika, təhlükəsizlik, müdafiə sənayesi və digər sahələr üzrə əməkdaşlığın dərinləşməsinə ümid ifadə etdilər.

Britaniyalı deputatlar Milli Məclisin parlament diplomatiyasında apardığı işləri də xüsusi qeyd etdilər. İkitərəfli qarşılıqlı səfərlər barədə razılıq əldə olundu.

Eyni zamanda aparıcı beyin mərkəzlərində Cənubi Qafqazla bağlı konfransda iştirak etdim. Deputatlarımızın xarici səfərləri və görüşləri tez-tez olur. Lakin işçi qrupunun yenidən formalaşdırılması və Britaniya kimi aparıcı ölkənin parlamenti ilə münasibətlərin dərinləşməsi xüsusi diqqətə layiqdir”, - deyə F.İsmayılzadə qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti