...

Ramiz Mehdiyev və əlaltıları: islahatlara qarşı çıxan köhnə elitanın uğursuz oyunu

Siyasət Materials 16 Fevral 2026 18:18 (UTC +04:00)
Ramiz Mehdiyev və əlaltıları: islahatlara qarşı çıxan köhnə elitanın uğursuz oyunu
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı.Trend:

Son günlər Azərbaycan ictimai-siyasi gündəmi Ramiz Mehdiyev və onun ətrafında formalaşmış qeyri-formal siyasi şəbəkə ilə bağlı yayılan istintaq materialları və media araşdırmaları fonunda ciddi şəkildə dəyişib. Ortaya çıxan mənzərə təkcə ayrı-ayrı şəxslərin fəaliyyəti ilə bağlı deyil, illərlə qurulmuş və bu gün də müxtəlif formalarda yaşayan kölgə təsir sisteminin mövcudluğunu ortaya qoyur. Bu sistemin mərkəzində Mehdiyev dayanır, onun ətrafında isə Əli Kərimli, Qənimət Zahid, Fuad Qəhrəmanlı, Məmməd İbrahim və digər fiqurlar bir növ siyasi və informasiya ötürücüsü rolunu oynayır.

Uzun illər dövlət idarəçiliyində ən mühüm mövqelərdən birini tutmuş Mehdiyev formal səlahiyyətlərini itirdikdən sonra siyasi səhnədən çəkilmiş kimi görünsə də, faktiki olaraq onun təsiri aradan qalxmayıb. Əksinə, müxtəlif kanallar vasitəsilə yenidən təşkil olunmuş şəkildə davam etdirilib.

Son illər mediada və ictimai diskursda müşahidə edilən sistemli narazılıq fonu, islahatların hədəfə alınması və ölkə rəhbərliyinə qarşı yönəlmiş koordinasiyalı tənqid dalğası təsadüfi deyil. Bunlar köhnə nüfuz sahiblərinin yeni reallıqlarla barışmaq istəməməsinin nəticəsidir.

Xüsusilə diqqət çəkən məqam odur ki, bu fəaliyyət açıq siyasi mübarizə formasında deyil, daha çox passiv müqavimət şəklində aparılıb. Söhbət mitinqlərdən və ya birbaşa çağırışlardan getmir, söhbət informasiya mühitində aparılan səssiz, amma davamlı manipulyasiyadan gedir. İslahatlar ardıcıl şəkildə gözdən salınır, yeni idarəetmə mexanizmləri etibarsız kimi təqdim edilir, cəmiyyətdə qərarverici mərkəzlərə qarşı inamsızlıq yaradılır. Bu, klassik destabilizasiya strategiyasıdır və o, birbaşa qarşıdurmadan daha təhlükəlidir.

İstintaq materialları və araşdırmalar göstərir ki, Mehdiyev ətrafında formalaşmış bu şəbəkə yalnız daxili siyasi narazılıqdan qaynaqlanmır. Onun xarici güc mərkəzləri ilə kəsişən maraqları var. Qonşu ölkənin xüsusi xidmət orqanlarının təsir dairəsində formalaşmış əlaqələr bu şəbəkəyə əlavə güc verib və onu regional geosiyasi oyunların bir hissəsinə çevirib. Xarici aktorlar üçün bu cür daxili təsir kanalları son dərəcə qiymətlidir, çünki onlar bir ölkəni xaricdən deyil, öz daxilindən yönləndirməyə imkan verir.

Beynəlxalq siyasi praktikada Ramiz Mehdiyevin bu davranış modeli “latent influence preservation” – yəni vəzifədən getdikdən sonra təsir şəbəkəsinin qorunması adlanır. Bu modeldə şəxs formal hakimiyyətini itirsə də, real təsir imkanlarını saxlayır. O, media üzərində qeyri-rəsmi nəzarət mexanizmləri qurur, dövlət aparatında hələ də ona bağlı olan kadrlar vasitəsilə prosesləri izləyir və ictimai rəyə lazım olan istiqamətdə müdaxilə edir. Bu kölgə təsir mexanizminin ən təhlükəli tərəflərindən biri onun ictimai diskurs üzərində qurduğu nəzarətdir. Ramiz Mehdiyev və onun şəbəkəsi formal hakimiyyətdən kənarda qalsa da, informasiya məkanında aktiv olaraq qalmaqla, xarici qüvvələrin maraqlarına uyğun tezislərin sistemli şəkildə dövriyyəyə buraxılmasını təmin edib. Mehdiyev üçün Əli Kərimli və onun siyasi mühiti bu mexanizmin ən vacib alətlərindən biri olub. Dövlət daxilində itirilmiş rıçaqlar müxalifət və media vasitəsilə kompensasiya olunub.

Bu nöqtədə əsas paradoks ortaya çıxır: özünü müxalifət kimi təqdim edən bu qrup əslində köhnə sistemin davamıdır. Onların əsas problemi mövcud hakimiyyət yox, aparılan islahatlardır. Çünki islahatlar Mehdiyevin illərlə qurduğu patronaj və təsir şəbəkəsini dağıdır, şəxsi loyallıqlar üzərində qurulmuş qeyri-formal idarəetməni sıradan çıxarır. Buna görə də bu qrup dəyişikliklərə qarşı mübarizəni demokratiya və azadlıq ritorikası altında aparır, amma mahiyyət etibarilə keçmiş mövqelərini qorumağa çalışıb.

Ortaya çıxan tablo göstərir ki, Ramiz Mehdiyev və onun ətrafındakı fiqurlar təkcə siyasi aktorlar deyil, köhnə idarəetmə modelinin kölgədə qalmış mexanizmləridir. Bu mexanizmlər Azərbaycan dövlətinin yenilənməsinə, institusional güclənməsinə və suveren qərarvermə qabiliyyətinə qarşı işləyib. Bugünkü istintaq prosesi təkcə hüquqi məsuliyyət məsələsi deyil, eyni zamanda dövlətin özünü bu kölgə təsirlərindən təmizləməsi mərhələsidir. Çünki söhbət bir neçə adın taleyindən yox, dövlətin gələcəyini kölgədən idarə etmək istəyən bir sistemin tarix səhnəsindən silinməsindən gedir.

Xəbər lenti

Xəbər lenti