...

LƏNKƏRAN RAYONU YENİ TƏDRİS İLİNƏ HAZIRLAŞIR

Siyasət Materials 23 İyul 2005 14:13 (UTC +04:00)

Lənkəran rayonu yeni tədris ilinə hazırlaşır.Rayonun İcra hakimiyyətində Trend agentliyinə bildirilib ki, hazırda iqtisadi inkişaf nazirliyinin planına müvafiq olaraq Lənkəran rayonunun 24 ümumtəhsil məktəbində cari və əsaslı təmir aparılır.

Artıq Liman-2, Boladi kəndi -2, Qumbaşı, Moloja, Separadi, Tukavilə, Yuxarı Nüvədi və Siəvər məktəblərinin binalarında təmir başlayıb. Bundan başqa, yerli ehtiyatlar hesabına ayrı-ayrı məktəblərdə yeni tədris ilinədək başa çatdırılmalı olan cari təmir üzrə işlər aparılır.

Həmçinin qərar qəbul edilib ki, 1 saylı məktəb təbiət elmləri üzrə texniki təmaüllü məktəb-litsey kimi yeni tədris ilinə başlayacaq.Təhsil nazirliyinin əmrinə əsasən, bu təhsil formasına keçid istedadlı uşaqların üzə çıxarılması, onların biliyinin dərinləşdirilməsi və qabiliyyətinin inkişafı üçün həyata keçirilir.Tədrisə qəbul müsabiqə əsasında aparılır.Litseydə təlim-tərbiyə işinə həm də Lənkəran Dövlət Universitetinin müəllimləri cəlb ediləcək.

İcra hakimiyyətində həm də qeyd edilib ki, Lənkəran özəl türk litseyinin şagirdləri Nəcməddin Nəcəfov və Əkrəm Nuriyev İspaniyada keçirilən dünya Olimpiadasında fizika üzrə III və II yerləri tutub.Qazaxıstanda riyaziyyat üzrə keçirilən olimpiadada 20 dövlətdən olan iştirakçılar arasında litseyin doqquzuncu sinif şagirdi Səid Əlizadə üçüncü yeri tutub.

Rayonda həm də prezident İlham Əliyevin 2004-cü il 12 yanvar tarixli "Azərbaycan dilində latın qrafikası ilə ədəbiyyatın kütləvi nəşri haqqında" Fərmanının icrası üzrə işlər aparılır.Beləliklə, Lənkəranın Mərkəzi kitabxana sisteminə klassik və folklora dair ədəbiyyatdan 101 adda 1753 kitab daxil olub.Hazırda kitabların filiallara verilməsi prosesi aparılır.

Xəbər lenti

Xəbər lenti