Azərbaycan Respublikasının prezidenti İlham Əliyev MDB ölkələrinin avqustun 26-27-də Kazanda keçiriləcək sammitində iştirak edəcək. Bu barədə Trend ə prezidentin İcra Aparatından xəbər verilib.
Avqustun 26-da keçiriləcək MDB dövlətləri başçılarının növbəti iclasının gündəliyinə Birlik ölkələri orqanlarının təkmilləşdirilməsi və dəyişdiriliməsi haqqında qərar, MDB dövlətlərinin humanitar əməkdaşlığına dair saziş, BMT-nin 60 illiyi münasibətilə bəyanat, Çernobıl AES-də qəzanın 20 illiyi ilə əlaqədar Birlik ölkələrinin xalqlarına və dünya ictimaiyyətinə müraciət kimi 10-a yaxın məsələ daxil edilib. Dövlət başçısı Kazanın 1000 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edəcək.
İlham Əliyev səfər zamanı MDB ölkələrindən olan həmkarları ilə görüşmək niyyətindədir. Avqustun 27-də Ermənistan prezidenti Robert Köçəryanla Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesi üzrə birbaşa danışıqların növbəti raundunun keçiriləcəyi nəzərdə tutulub. Həmçinin Rusiya və Ukrayna prezidentləri ilə də görüşlər planlaşdırılıb.