...

ATƏT-İN VƏTƏNDAŞLARIN SƏRBƏST TOPLAŞMAQ HÜQUQUNUN TƏMİN OLUNMASI MƏSƏLƏSİ ÜZRƏ HƏFTƏLİK TRENİNQİ BAŞA ÇATIB

Siyasət Materials 7 Sentyabr 2005 12:35 (UTC +04:00)

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Bakı nümayəndəliyində "nümayişlər və ictimai aksiyalar zamanı asayişi mühafizə qüvvələrinin fəaliyyətinin nizamlanması" məsələsi üzrə bir həftə davam etmiş treninq iştirakçılarına sertifikatların verilməsi mərasimi keçirilib. Nümayəndəliyin mətbuat xidmətindən Trend ə verilən məlumata görə, treninq proqramında Azərbaycanın dövlət idarələrinin 50-dən çox nümayəndəsi, xüsusilə, prezidentin İcra Aparatı, DİN və Baş Prokurorluğun əməkdaşları iştirak ediblər.

Treninqdə əsas müzakirə mövzusu "Demokratik cəmiyyətdə vətəndaşların sərbəst toplaşmaq hüququnun təmin olunması" məsələsi olub. Nümayəndəlikdən bildirildiyi kimi, proqram ölkədə bilavasitə qanuna əməl olunmasını təmin edən rəsmi şəxslərə nümayişlərin və ictimai yığıncaqların idarə olunması üzrə bütün dünyada asayişi mühafizə qüvvələri tərəfindən tətbiq olunan taktikanı öyrənmək imkanı verib.

"Maneəsiz toplaşmaq hüququ demokratik cəmiyyətin əsasını təşkil edir. Hüquq-mühafizə orqanları və ictimai yığıncaqların təşkilatçıları ilə sıx əlaqələr qurulmalıdır. Bu isə təkcə ictimai asayişə zəmanət vermək üçün deyil, həm də ölkənin sıravi vətəndaşlarında inam və etibarın təmin olunması üçün çox vacibdir", - deyə ofisin rəhbəri səfir Maurisio Pavessi vurğulayıb.

ATƏT-in iştirakçı dövlətlərinin öhdəliklərinin qısa icmalı, vətəndaşların sərbəst toplaşmaq hüqüqunun təmin olunması, həmçinin, nümayiş və yürüşlər zamanı polislərin şəxsi məsuliyyəti ilə bağlı Azərbaycan qanunvericiliyinin təhlili ilə bağlı məsələlər proqrama daxil edilib. Əsas diqqət gərginliyin azaldılması məqsədilə asayişi mühafizə qüvvələrinin yerinə yetirəcəyi prosedurlara yönəldilib.

Xəbər lenti

Xəbər lenti