...

QOBUSTAN QAPALI HƏBSXANASINDA DÜNYASINI DƏYİŞMİŞ DUSTAĞIN MEYİTİ İLƏ BAĞLI EKSHUMASİYA KEÇİRİLMƏSİ TƏLƏB OLUNUR

Siyasət Materials 7 Sentyabr 2005 14:50 (UTC +04:00)

Avqustun 15-də Qobustan Qapalı Həbsxanasında cəza çəkən İbrahimov Elman Balı oğlunun meyiti Qax rayonuna gətirilib. Bu barədə Trend ə mərhum dustağın qohumu Nəsibə Məmmədova məlumat verib.

Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin (ƏN MQİBİ) işçiləri Elman İbrahimovun meyitini Qax rayonundakı evinə gətiriblər. Ancaq ailə üzvlərinə tabutu açmağa izacə verilməyib.

Meyit MQİBİ işçiləri tərəfindən gecə saat 1 radələrində rayon qəbiristanlığında torpağa tapşırılıb. Mərhumun yaxınlarına onun ölümünə səbəb kimi miningit xəstəliyindən əziyyət çəkməsi bildirilib.

Lakin tabutun açılmasına icazə verilməməsi və meyitin gecə radələrində tələsik şəkildə MQİBİ işçiləri tərəfindən basdırılması mərhumun ailə üzvlərində şübhələr yaradıb. Ailə üzvləri bunu iki səbəblə əlaqələndirirlər: ya dustaq çoxdan öldüyü üçün meyiti çürüməyə məruz qalıb, ya da meyitin üzərində işgəncə izləri var.

Qobustan Qapalı Həbsxanasının rəisi Sədaqət Ağayevsə dustağın qohumlarının söylədikləri ilə razılaşmayıb. Söyləyib ki, ağır cinayətlərdə təqsirləndirilərək ömürlük həbsə məhkum edilmiş Elman İbrahimov həbsxanada miningit xəstəliyindən vəfat edib. Rəis meyitin dəfni ilə bağlı sualı cavablandırmayıb.

ƏN MQİBİ-nin qərargah rəisi Musa Hümbətovsa bildirib ki, əgər mərhum dustağın ailə üzvlərində onun ölümü ilə bağlı hər hansı şübhə varsa hüquq-mühafizə orqanlarına müraciət edə bilərlər.

Mərhumun ailə üzvləri şübhələrə son qoyulması məqsədilə meyitin ekshumasiya olunması üçün Baş Prokurorluğa şikayət ərizəsi yazdıqlarını bildiriblər.

Xəbər lenti

Xəbər lenti