Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev ATƏT-in Bakı ofisinin rəhbərinin müavini Robin Sivordun fəaliyyətindən narazılığını ifadə edən bəyanat yayıb. Bu barədə Trend agentliyinə ALDP mətbuat xidmətindən məlumat daxil olub.
Məlumatda bildirilib ki, sentyabrın 12-də ATƏT-in Bakı ofisinin rəhbəri R.Sivord iqtidar-müxalifət dialoqunu təşkil etsə də onlar bu tədbirə dəvət almayıblar: "Azərbaycanda 60-dan çox partiya fəaliyyət göstərir.
Ancaq bu şəxs yalnız onlardan bir neçəsini dialoqa dəvət edir. ATƏT dialoqa dəvət etdiyi partiyaların reklamı ilə məşğuldur. Dialoqa dəvət etmədiyi partiyaların fəaliyyətini isə kölgə altına almış olur"
ALDP belə qənaətə gəlib ki, ATƏT-in Bakı ofisinin rəhbəri bu addımı atmaqla partiyalar arasında ayrı-seçkilik salır, demokratiyanın ali prinsiplərini pozur: "Biz tələb edirik ki, ATƏT bundan sonra planlaşdırdığı görüşlərdə ölkədə fəaliyyət göstərən bütün siyasi partiyaların iştirakını təmin etsin".