...

NOVRUZ MƏMMƏDOV: İRƏVAN DANIŞIQLARDAN ÇƏKİLSƏ, BAKI DAĞLIQ QARABAĞ ERMƏNİLƏRİ İLƏ DANIŞMAQ İMKANI TAPAR

Siyasət Materials 15 Sentyabr 2005 18:11 (UTC +04:00)

Ermənistan XİN-nin mətbuat katibi Q.Qasparyanın Dağlıq Qarabağ prosesinə aid son bəyanatı diplomatik hiylə və manevrdən başqa bir şey deyil.Bu barədə Trend ə eksklüziv olaraq Azərbaycan prezidenti İcra aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bəyan edib.

Xatırladırıq ki, Hamlet Qasparyan bəyan etmişdi ki, "bizim mövqeyimiz dəyişilməz olaraq qalıb - əgər Azərbaycan BMT-də hər-hansı bir məsələ qaldırsa, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə danışıqlardan çıxacaq və Bakı danışıqları Xankəndi ilə birbaşa davam etdirməyə məcbur olacaq".

O,bu barədə "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair" məsələnin BMT-nin Baş Assambleyasının 60-cı sessiyasının gündəliyinə daxil edilməsini şərh edərkən deyib.

"Bu mesajın arxasında Ermənistanın çox böyük narahatlığı dayanır.Söhbət ondan gedir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında Azərbaycanın mövqeyi yüksək dərəcədə möhkəmlənib və istər beynəlxalq təşkilatlar, istərsə də ayrı-ayrı dövlətlər tərəfindən güclü dəstək alır.

Bu gün "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətə dair" bəndinin BMT-nin Baş Assambleyasının 60-cı sessiyasının gündəliyinə daxil edilməsi bunun məntiqi davamıdır.Burada qeyri-adi heç nə yoxdur.Bu, bizim haqqımızdır" -deyə N.Məmmədov bildirib.

Onun sözlərinə görə, Ermənistan görür ki, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında Azərbaycanın mövqeyi beynəlxalq ictimaiyyətin daha böyük dəstəyini alır.

Buna görə Ermənistan danışıqları dayandıraraq bir tərəfə çəkilməklə və Dağlıq Qarabağ erməniləri ilə birbaşa danışıqlar aparmaqla Azərbaycanı təhdid etməyə çalışır.

"Əvvəla, danışıqlardan kənara çəkilmək o qədər də asan deyil.Torpaqlar işğal olunub, işğal altındadır və bu gün danışıqlar aparılır.Ermənistan bu gün çıxılmaz vəziyyətdədir və hər-hansı bir səbəb axtara bilər.

İkincisi, əgər Ermənistan həqiqətən danışıqlardan çəkilmək istəyirsə və İrəvan rəsmi olaraq bəyan etsə ki, Dağlıq Qarabağ məsələsindən kənara çəkilir, onda biz Dağlıq Qarabağ erməniləri ilə danışmaq imkanı taparıq.Biz bunu edə bilərik və burada problem yoxdur" -deyə N.Məmmədov əlavə edib.

Xəbər lenti

Xəbər lenti