ABŞ Konqressinin beynəlxalq əlaqələr üzrə komitəsi "Ermənilərə qarşı genosidin tanınması haqqında" və "ABŞ-ın xarici siyasətində ermənilərə qarşı genosidlə bağlı məsələnin əks olunmasına dair" iki qanun layihəsini dəstəkləyərək, onları Konqressin ümumi yığıncağının təsdiqinə verib. Bu barədə Trend Türkiyənin kütləvi informasiya vasitələrinə istinadən xəbər verir.
Məlumata əsasən, ABŞ-ın Dövlət Departamentinin bu qərarın qəbul olunmaması ilə bağlı səyləri nəticəsiz qalıb.
"Ermənilərə qarşı genosid haqqında" birinci qanun layihəsini 35 konqressmen dəstəkləyib. 11 nəfər isə layihənin əleyhinə səs verib.
"ABŞ-ın xarici siyasətində ermənilərə qarşı genosidlə bağlı məsələnin əks olunmasına dair" ikinci qanun layihəsi 40 konqressmen tərəfindən dəstəklənib. 7 nəfər isə onun əleyhinə çıxıb.
Həmçinin, o da qeyd olunur ki, əgər ABŞ-ın nümayəndələr palatasının rəhbəri Denis Hastert (Dennis Hastert) özünün "veto" hüququndan istifadə etməsə, hər iki məsələ Konqressdə səsə qoyulacaq.