...

SEÇKİ BLOKLARI MSK-DAN HACIAĞA NURİNİN NAMİZƏDLİYİNİN BƏRPA OLŞUNMASINI TƏLƏB EDİRLƏR

Siyasət Materials 17 Sentyabr 2005 12:57 (UTC +04:00)

"Azərbaycançı Qüvvələr seçki blokunun təsisçilərindən olan İslam Partiyasının sədri Hacı Hacıağa Nurinin namizədliyinin ləğv edilməsinə digər seçki blokları öz mövqelərini ortaya qoymalıdır". Trend bildirib ki, bu təkliflə Dini Etiqad, Vicdan Azadlığı Müdafiə Mərkəzinin rəhbəri Hacı İlqar İbrahimoğlu çıxış edib.

O qeyd edib ki, seçki blokları bu məsələdə birləşib vahid mövqedən çıxış edə bilsələr, haqq-ədalət öz yerinə tuta bilər.

"Azərbaycan Naminə" seçki bloku mərkəzi seçki qərargahının rəhbəri Taleh Əliyev qeyd edib ki, əgər MSK məsələni siyasiləşdirib H.Nurinin namizədliyini ləğv edibsə, bu qeyri-qanunidir: "MSK qanunun aliliyinə hörmət etməlidir, kiminsə şəxsi maraqlarına yox".

"Azadlıq" seçki bloku mərkəzi seçki qərargahının Azərbaycan Demokrat Partiyasından olan həmsədri Taliyət Əliyev isə Bakıda olmadığını əsas gətirərək məsəlnin tam mahiyyəti ilə tanış olmadığından münasibət bildirmək istəməyib.

"Yeni Siyasət" seçki blokunun təsisçilərindən olan Azərbaycan Ziyalılar Hərəkatının lideri Eldəniz Quliyev isə bildirib ki, məlum məsələdə MSK-nın H.Nuriyə qarşı tutduğu mövqeyi pislənilməlidir: "Şəxsən biz buna etiraz edir və onun namizədliyinin bərpa olunmasını tələb edirik".

Demokratik Azərbaycan seçki blokunun təsisçilərindən olan Azərbaycan Milli Birlik Partiyasının sədri Hacıbaba Əzimov H.Nurinin namizədliyinin ləğv olunmasını insan hüquqlarının pozulması kimi qiymətləndirib: "Biz bunu qəbul etmirik. Dindar olmaq nə qəbahət olub ki, MSK buna görə onun namizədliyini ləğv edib. Bu bir oyundur".

Vətəndaş Cəmiyyəti Qurucuları seçki blokunun seçki qərargahının rəhbəri Yaşar Cəfərli də məlum məsələ ilə bağlı MSK-nın qərarını qəbul etmədiklərini və bunu azad seçkinin qarşısını almaq məqsədi daşıdığını vurğulayıb: "MSK təcili surətdə qərarını dəyişməlidir. Qarşıdurma, seçkini pozmaq niyyətindən əl çəkilməlidir".

Qeyd edək ki, Hacı Hacıağa Nurinin 28 saylı üçüncü Sabunçu seçki dairəsindən namizədliyi sentyabrın 14-də MSK tərəfindən 28/132 saylı qərarla ləğv edilib.

Xəbər lenti

Xəbər lenti