...

İSA QƏMBƏR: "BİZ KÜRSÜ UĞRUNDA MÜBARİZƏ APARMIRIQ"-Müsahibə

Siyasət Materials 28 Sentyabr 2005 18:00 (UTC +04:00)
İSA QƏMBƏR: "BİZ KÜRSÜ UĞRUNDA MÜBARİZƏ APARMIRIQ"-Müsahibə

Müsavat Partiyasının başqanı İsa Qəmbərin "TREND" informasya aqentliyinə eksklüziv müsahibəsi

- Deputatlığa namizədlər adətən seçkiöncəsi seçicilərinə görəcəkləri işlərdən danışırlar. Bir namizəd kimi Sizdən görəcəyiniz yox, xalq üçün gördükləriniz barədə məlumat verməyinizi xahiş edirik.

- Özümü tərifləməkdən xoşum gəlmir.

Hər halda mən Azərbaycan milli azadlıq hərəkatının iştirakçılarından biri olmuşam. Hakimiyyətdə olduğumuz illərdə bir çox islahatlar aparmışıq, bir çox problemləri həll etmişik.

Məhz hərbi qiyam nəticəsində islahatlarımızın qarşısı alındı. Sonrakı müddətdə də Müsavat Partiyasının fəaliyyətini bərpa etməklə xalqın maraqlarını təmin etmişik.

Müxalifətdə olduğumuz üçün əlimizdə hər hansı bir hakimiyyət resursu olmayıb ki, hansısa problemi həll edə bilək.

Ancaq xalqın problemlərini söyləmişik, hakimiyyətə bir çox proqram və konsepsiyalar təqdim etmişik. Təssüf ki, onlar qəbul edilməyib. Bu vaxta kimi xalqımıza xidmət etmişik və xalq bunu lazımi səviyyədə dəyərləndirib.

- Seçkilərin demokratik keçirilməyəcəyini bəyan edirsiniz. Əgər belə bir şəraitdə səs qazansanız, bunu legitim hesab edəcəksinizmi?

- Hər bir seçkidən sonra bu özünü biruzə verir. Hansı dairədən kimin necə seçilməsi sonradan hamıya aydın olur. Hər halda biz əminik ki, səs alacağıq.

Başqa bir qüvvə qalib gələrsə, biz onu təbrik etməyə hazırıq. Biz kürsü uğrunda mübarizə aparmırıq. Azərbaycanın problemlərini həll etmək üçün mübarizə aparırıq.

- Televiziya çıxışlarınızda da qeyd edirsiniz ki, bu seçkilərdə biz hakimiyyətə gələcəyik. Parlament seçkilərində hakimiyyətə gəlməyin yollarını necə görürsünüz?

- Parlament hakimiyyətin qollarından biridir. Parlamentdə təmsil olunmaq hakimiyyətdə təmsil olunmaq deməkdir.

Parlamentdə çoxluq əldə etmək isə hakimiyyətin bir qoluna nəzarət etmək deməkdir.

Hesab edirəm ki, ədalətli seçkilər keçirilərsə, biz bu çoxluğu əldə edib hakimiyyətdə olacağıq.

Bu günkü parlament öz funksiyaların yerinə yetirmirsə, hakimiyyətə nəzarət funksiyanı az qala könüllü surətdə imtina edirsə, bu o demək deyil ki, parlamentə düşən demokratik qüvvələr də Prezident Aparatından gələn qanun layihələrini təsdiq etməklə məşğul olacaqlar.

- İnqilaba deyil, seçkiyə hazırlaşmağınızı bildirmisiniz. Maraqlıdır, amma mitinqlərdə inqilab rəmzi saydığınız narıncı geyimlərdən istifadə edirsiniz...

- İnqilabdan danışan biz deyilik, hakimiyyət nümayəndələridir. Narıncı rəngə gəldikdə isə bu rəng demokratik proseslərin rəmzinə çevrilib. Bu rəng hələ Hollandiyada orta əsrlərdən gəlmiş bir rəngdir.

Hətta "Oranj" deyilən bir hərəkat da olub. İndi bu rəng Hollandiyanın milli rənginə çevrilib. Bu rəngdən tarix boyu müxtəlif xalqlar, müxtəlif hərəkatlar istifadə ediblər.

Bu rəng dünyanın əksər dövlətlərinə yayılıb. Bu, təkcə Ukraynanın kəşfi deyil. Bu günlərdə Almaniyada keçirilən seçkilərdə hakimiyyətdə olan sosial-demokratların əsas rəqibi xristian-demokratlar narıncı rəngdən geniş şəkildə istifadə edib. "Azadlıq" bloku da bu rəmzi özünə götürüb.

- Hakimiyyətə gələcəyiniz təqdirdə bu rəngi milli bayrağımıza gətirmək haqqında düşünməyəcəksiniz ki?

- Bu sualları düşünənlər cavablarını da özləri üçün saxlasınlar. Bu bayraq Müsavatın Azərbaycana gətirdiyi bayraqdır.

Bu bayrağı Azərbaycana 1918-ci ildə bizim babalarımız, bu partiyanını əsasını qoyan şəxslər gətiriblər. 80-ci illərdə bu bayrağı meydanlara çıxaranda indi hakimiyyətdə olan bəzi qüvvələr bu bayrağa qarşı mübarizə aparırdı.

Azərbaycan bayrağı onlardan çox bizə əzizdir.

- Amma mitinqlərinizdə dalğalanan narıncı bayraqlar arasında Azərbaycanın milli bayrağı az görünürdü...

- Yetərincə idi, sadəcə olaraq izdihamın çoxluğu bunu görməyə mane olurdu.

- Ukrayna və Gürcüstanda baş verən inqilablar modelinin Azərbaycana gətirilməsini istəyən "Azadlıq" rəhbərləri bu məsələni çox qabartdılar.

Ancaq narıncı inqilab nəticəsində Ukraynada hakimiyyətə gələn hökumətin istefaya getməsində nədənsə susdunuz...

- Bizim prioritetimiz azad və ədalətli seçkilərdir. Biz inqilaba hazırlaşmırıq. İkincisi, biz Ukrayna və Gürcüstan modelini Azərbaycana gətirmək fikrində deiylik.

Ancaq təcrid olunmuş adada da deyil, müasir dünyada yaşayırıq. Dünyada gedən prosesləri araşdırıb öyrənirik. Təbii ki, uğurlu nəticələri də ərxz etməyə çalışırıq.

Bizim özümüzün çox böyük demokratik fəaliyyət təcrübəmiz var. Bunu dəfələrlə tətbiq etmişik.

Ukraynada hökumətin istefaya göndərilməsi məsələsinə gəldikdə isə bilirsiniz, Azərbaycanın hakimiyyət dairələrinin buna sevinməsi çox qəribə görünür.

Onlar hələ başa düşmürlər ki, Ukraynada normal bir demokratik proses gedir. Bu hadisə nəticəsində artıq Ukraynada yalnız hakimiyyət yox, müxalifətdəki demokratik qüvvələr mübarizə aparacaq.

Yəni bu günə qədər Ukraynada mübarizə demokratik qüvvələrdə Kuçma-Yanukoviç bloku arasında gedirdisə, artıq Timoşenkonun istefaya getməsi ilə o, müxalifətin əsas liderinə çevrildi. Yanukoviç arxa plana keçdi. Sabah parlament seçkilərində Ukrayna xalqı seçim qarşısı

nda qalsalar, onlar artıq Yuşşenko ilə Timoşenko arasında seçim edəcəklər.

Bu Ukrayna üçün irəliyə doğru atılan addımdır. Bir şeyi başa düşməliyik ki, azad və ədalətli seçkilər ölkənin demokratik inkişafının əsasıdır. Ancaq bu o demək deyil ki, bu seçki keçirilən kimi xalqın bütün problemləri həll olunacaq. Qətiyyən yox.

Məhz seçkilərdən sonra bu problemlərin həlli üçün imkan yaranır. Bu gün də Ukrayna demokratları həmin problemlərin həllinə başlayıblar.

- Azərbaycan demokratlarının belə bir hadisə ilə üzləşməsi sizin fikrinizcə, sonrakı prosesləri hansı istiqamətə yönəldə bilər?

- Bunu zaman göstərəcək. Yəni elə bir mərhələ gəlib çatacaq ki, mübarizə demokratik düşərgə ilə kommunist təfəkkürlü düşərgəsi arasında olmayacaq.

Mübarizə məhz demokratiyanı Azərbaycan üçün yeganə inkişaf yolu kimi müəyyənləşdirmiş partiyalar arasında ola bilər.

- Bu mübarizə demokratik qüvvələr arasında qarşıdurmaya gətirib çıxarmayacaq ki?

- Mən demədim ki, hakimiyyətə gələndən sonra aramızda mübarizə başlayacaq... Tədricən ölkənin siyasi arenasını demokratik qüvvələr təşkil edəcək.

Demokratiyanı qəbul etməyən kommunist təfəkkürlü insanlar bu günkü kimi hakimiyyətdə olmayacaqlar.

Xalq yalnız demokratik qüvvələr arasında seçimini edəcək.

Xalqı qərar verməkdən uzaqlaşdırıblar. Azərbaycan demokratik reys üzərində inkişaf etməlidir.

- "Azadlıq" blokunun meydana çıxardığı kütləni xalq adlandırmaq olarmı?

- Mitinqlə xalq anlayışını tərəziyə qoümağa ehtiyac yoxdur. Bizdən öncə YAP da mitinq keçirdi. Məgər onlar meydana bizdən çox adam toplamışdılır?! Əsla. Əksinə, zorla meydana topladıqları insanlar sonra meydanı tərk etdilər. Əgər hər hansı mitinqə on minlərlə insan gəlirsə, bu, artıq xalqın təmsil olunması deməkdir.

Təbii ki, bütün xalq orada ola bilməz. Xalqın mövqeyi məhz seçkilərdə müəyyənləşir. Müxtəlif partiyaların, blokların keçirdikləri mitinqlərə insanların gəlməsi xalqın həmin qüvvələrə nə dərəcədə dəstək verilməsinin göstəricisidir.

Ancaq biz demirik ki, Azərbaycanı yalnız "Azadlıq" bloku sevir. Hamımız Azərbaycanı sevirik. Ancaq bu bir seçkidir.

Əgər seçkilər ədalətli keçirilərsə, biz parlamentdə öz fraksiyamızı yaradarkən digər bloklardan və bitərəflərdən burada təmsil olan deputatlarla da məsləhətləşmələr aparacağıq.

- Türkiyəyə etdiyiniz səfərlər çox vaxt məxfi saxlanılır. Bu da müxtəlif fikirlərin formalaşmasına səbəb olur. Səfərlərinizdə şəffaflıq varsa bunu ictimaiyyətdən niyə gizlədirsiniz?

- Bu səfərlər işgüzar xarakter daşıyıb. Mən orada müəyyən dostlarımızla, bizi tanıyan, hörmət edən Türkiyənin dövlət və siyasət adamları, media strukturları ilə görüşlər keçirmişəm. Düzdür, bu səfərlər rəsmi olmasa da, zamanı gələndə açıqlanacaq.

- "Azadlıq" blokunun tanınmış liderlərinin namizədliklərini bölgələrdən deyil, paytaxtdan vermələrinə səbəb nədir?

- Arif Hacılı Zaqataladan, Mehman Cavadoğlu İsmayıllıdan, Cavanşir Quliyev Şəkidən, Flora Kərimova Sumqayıtdan, Ramiz Rövşən Zəngilan-Qubadlıdan, Qumahüsyen Əlibəyli Masallı-Biləsuvar dairəsindən namizəddir...

- Söhbət liderlərdən gedir...

- Şəxsən məni nəzərdə tutursunuzsa, mən ölkənin istənilən dairəsindən namizədliyimi verə bilərəm.

Sadəcə, seçki qərargahımın nümayəndələri 20 ildən çox yaşadığım dairədən namizədliyimi irəli sürüblər.

Buna etiraz da etmədim. İndi hakimiyyət bunu nə ilə əsaslandıra bilər?


Yadınızdadırsa, hakimiyyət 2003-cü il prezident seçkilərində bəyan edirdi ki, Müsavatın Bakıda heç bir dayağı yoxdur, regionlardan səs alırlar. İndi isə əksinə, söyləyirlər ki, guya bizi regionlarda tanımırlar.

- 6 noyabr seçkilərindən sonra 2003-cü il 16 oktyabr hadisələri təkrarlana bilərmi?

- Bu sualı hakimiyyət nümayəndələrinə verin. Çünki 16 oktyabrda hakimiyyət xalqa qarşı zorakılıq nümayiş etdirdi. Bu dəfə də belə bir prosesi həyata keçirəcəklərmi?

Biz tərəfdən belə bir şey gözlənilmir. Biz dinc müabrizə üsullarını seçmişik. Seçki öncəsi və seçkidən sonra da. Hər hansı bir zorakılıq olarsa, bu hakimiyyət tərəfindən törədilə bilər.

Xəbər lenti

Xəbər lenti