...

AVROPA İTTİFAQI AZƏRBAYCANA XƏBƏRDARLIQ EDİR

Siyasət Materials 6 Oktyabr 2005 12:43 (UTC +04:00)

Şimali Kiprlə əlaqələrin qurulması Azərbaycanın Avropa İttifaqının "Qonşuluq Siyasəti"nə qoşulmasını gecikdirə bilər. Trend in "Azadlıq" radiosuna istinadən xəbər verdiyi kimi, bu barədə Avropa Birliyinin (AB) xarici əlaqələr üzrə komissarı Benita Ferrero-Ialdner bəyan edib. "AB yalnız Kipr Respublikasının müstəqilliyini tanıyır. Həmin dövlət isə Bakının Lefkoşa ilə münasibətlər yaratmasına, Azərbaycandan Şimali Kiprə uçuşlar həyata keçirməsinə etirazını bildirir.

Brüsseldə Avropa Parlamentinin Xarici İşlər Komitəsində o, belə bir bəyanatla çıxış edib: "Mən bildirmişəm ki, əgər Azərbaycan mövqeyini dəyişməsə, biz irəliyə yalnız Ermənistan və Gürcüstanla gedəcəyik. Ümid edirik ki, Azərbaycan məsələni həll edəcək. Amma bunun üçün bir neçə həftə lazımdır.

Azərbaycan Xarici İşlər Nazirliyi informasiya idarəsinin rəisi Tahir Tağızadə isə bildirib ki, Bakının siyasəti Kiprin həm türk, həm də yunan icmalarına bu böhranın aradan qaldırılmasında dəstək verməyə istiqamətlənib. O, həmçinin, əlavə edib ki, Azərbaycanın Avropa ilə "Qonşuluq Siyasəti" çərçivəsində əməkdaşlığına dair hələ ki, heç bir rəsmi məlumat alınmayıb.

"Azərbaycan təyin olunmuş fəaliyyət planı üzrə addımlar atmağa hazırdır. O ki qaldı təyyarə uçuşlarına, bu, kommersiya xarakteri daşıyan bir təşəbbüsdür və hökumətin xarici siyasətinə heç bir dəxli yoxdur" - deyə, Tahir Tağızadə bildirir.

Xəbər lenti

Xəbər lenti