...

"Elmar Hüseynov fondu" Prezidentə və milli təhlükəsizlik nazirinə müraciət qəbul edib

Siyasət Materials 2 Dekabr 2005 14:11 (UTC +04:00)

Dekabrın 2-də "Elmar Hüseynov fondu"nun toplantısı keçirilib. Trend məlumat verir ki, toplantıda fondun təsisçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.

"Qanun" jurnalının baş redaktoru Şahbaz Xuduoğlu bildirib ki, "Monitor" jurnalının baş redaktoru mərhum Elmar Hüseynovun qətlindən 9 ay ötməsinə baxmayaraq, cinayətin üstü hələ də açılmayıb. Ş.Xuduoğlu Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində aparılan istintaqın ötən 9 ay ərzində hər hansı yeni fakt ortaya çıxara bilməməsindən və cinayətkarların hələ də azadlıqda olmasından narahatlığını bildirib.

"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu Redaktorlar Şurasının toplantılarını bərpa etməyi təklif edib. "Elmarın ölümü Redaktorlar Şurasının toplantısında hər dəfə müzakirəyə çıxarılaraq qabardılmalı və müvafiq qərarlar qəbul edilməlidir. Bununla da bu məsələni gündəmdə saxlamaq lazımdır", - deyə R.Arifoğlu qeyd edib.

"Gün səhər" qəzetinin baş redaktoru Arif Əliyev isə təklif edib ki, "Elmar Hüseynov fondu"nun yeni fəaliyyət proqramı hazırlansın. Bu proqramın hazırlanması üçün yaxın günlərdə işçi qrupunun yaradılması qərara alınıb.

Tədbirin sonunda fondun təsisçiləri və toplantı iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və milli təhlükəsizlik naziri Eldar Mahmudova müraciət qəbul ediblər. Müraciətlərdə ölkə başçısından fondun təsisçilərini qəbul etməsi, milli təhlükəsizlik nazirindən isə E.Hüseynovun qətli ilə bağlı istintaqın işinin sürətləndirilməsi xahiş olunub.

Xəbər lenti

Xəbər lenti