...

Azərbaycan prezidenti Türkiyənin İqdır şəhər bələdiyyəsinin nümayəndə heyətini qəbul edib

Siyasət Materials 13 Dekabr 2005 17:57 (UTC +04:00)

Trend bildirir ki, Azərbaycan prezidenti İlham Əliyev dekabrın 13-də Türkiyənin İqdır şəhər bələdiyyəsinin sədri Nurəddin Arasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Söhbət zamanı qonaq prezident İ.Əliyevə İqdırda yaşayan azərbaycanlıların salamını çatdırıb. O, qeyd edib ki, İqdırın mərkəzində Heydər Əliyev adına park salınıb və orada Azərbaycanın keçmiş prezidentinin büstü qoyulub. Qonaq həm də qeyd edib ki, İqdırdan Naxçıvan Muxtar Respublikasına gedən yolda prezident İlham Əliyevin adına bulvar vardır. N.Aras Azərbaycan dövlətinin başçısını İqdıra dəvət edib.

Öz növbəsində, İlham Əliyev vurğulayıb ki, Azərbaycan ilə Türkiyə arasındakı əlaqələr durmadan inkişaf etdirilir və Türkiyənin müxtəlif regionlarının sakinləri respublikaya gəlir. "İqdır ilə Naxçıvan arasında həmişə sıx əlaqələr olub və bu gün də davam etdirilir.Bu, həmişə belə olacaq"-deyə Azərbaycan prezidenti qeyd edib. Dövlət başçısı vurğulayıb ki, Naxçıvan üçün çətin olan bir dövrdə Türkiyə, o cümlədən İqdır Muxtar Respublikaya dəstək göstərib.

İlham Əliyevin sözlərinə görə, məhz həmin vaxt "Ümid" körpüsü inşa edilib və bunun sayəsində Naxçıvan blokadanı yara bilib.

Xəbər lenti

Xəbər lenti