...

Əli Əliyev: "İkinci AMİP-in yaranacağı istisna deyil"

Siyasət Materials 19 Dekabr 2005 16:33 (UTC +04:00)

"Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) parçalanacağı və ikinci AMİP-in yaranacağı istisna deyil". Bu barədə Trend ə AMİP-in sədri Əli Əliyev bildirib.

Ə.Əliyev qeyd edib ki, dekabrın 18-də AMİP lideri Etibar Məmmədovun partiyanın struktur rərhəbrləri ilə qapalı görüşünə qatılmamasının iki başlıca səbəbi olub: "Birincisi, Etibar Məmmədov tərəfindən mənə rəsmən dəvət olmayıb. İkincisi isə, partiya daxilində baş verən anlaşılmazlığı mən onunla təkbətək müzakirə etmək istəyirəm. Bunu ictimaiyyətin müzakirəsinə çıxarmaq istəmirəm".

AMİP sədri vurğulayıb ki, 10 gündür görüşmək üçün E.Məmmədova müraciət edib. Lakin AMİP lideri onun müraciətinə cavab verməyib: "Sonuncu dəfə dekabrın 16-da ona müraciət etdim. Bildirdim ki, partiyanın rayon təşkilatlarının birinin qərargahında görüşək. Amma bu vaxtadək cavab yoxdur".

Ə.Əliyev onu da bildirib ki, o, müxalifətlə əməkdaşlığından və əlavə seçkilərə qatılmamaqla bağlı qərarından əl çəkməyəcək. Partiyanın fövqəladə qurultayının keçirilə biləcəyinə münasibət bildirən Ə.Əliyev deyib: "Hər hansı bir qurultayı keçirib məni sədrlikdən uzaqlaşdırmaqla partiyanı parçalaya və hətta ikinci AMİP də yarada bilərlər. Ancaq mən milli maraqları şəxsi maraqlara qurban verməyəcəm və tutduğum mövqedən də geri dönmək fikrindən uzağam".

Xəbər lenti

Xəbər lenti