...

"Sərhəd" şərti ad altında əməliyyat tədbirləri keçirilib

Siyasət Materials 5 Yanvar 2006 11:49 (UTC +04:00)

Azərbaycan Respublikası və Rusiya Federasiyası Daxili İşlər Nazirlikləri arasında təsdiq edilmiş birgə tədbirlər planına əsasən, hər iki ölkənin sərhədyanı rayonlarında "Sərhəd" şərti adı altında əməliyyat tədbirləri keçirilib. Bu barədə Trend ə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Respublikası daxili işlər nazirinin müavini, polis general-mayoru Vilayət Eyvazovun və Rusiya Federasiyası Dağıstan Respublikasının daxili işlər nazirinin müavini Abiddin Karçikafevin rəhbərlik etdiyi xüsusi əməliyyat tədbirləri ölkəmizin Qax, Balakən, Zaqatala, Şəki, Oğuz, Qusar, Xaçmaz, Qəbələ rayonları ərazisində və onların sərhəd kəndlərində keçirilib.

Aparılmış tədbirlər nəticəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 4 nəfər yaxalanmış, əhali tərəfindən qanunsuz saxlanılan 6 ədəd avtomat, 3 tapança, 24 tüfəng, o cümlədən 5 qundağı və lüləsi kəsilmiş tüfəng və 3 "Karabin", 25 əl qumbarası, 1 kiloqram 200 qram tratil, 30 mindən çox müxtəlif çaplı patron götürülüb, müxtəlif hüquqpozmalara görə 225 inzibati protokol tərtib edilib.

Tədbirlər başa çatdıqdan sonra hər iki dövlətin nümayəndə heyəti Dağıstanın Qusarla həmsərhədində görüşmüş, nəticələrlə bağlı müzakirələr aparmış və gələcəkdə də bu kimi əməliyyatların keçirilməsini məqsədəuyğun hesab etmişlər.

Xəbər lenti

Xəbər lenti