...

İran parlamenti sədrinin Azərbaycana rəsmi səfərinin yeni tarixi razılaşdırılır

Siyasət Materials 16 Yanvar 2006 18:18 (UTC +04:00)
İran parlamenti sədrinin Azərbaycana rəsmi səfərinin yeni tarixi razılaşdırılır

İran İslam Respublikası (İİR) parlamentinin sədri Qulaməli Həddad Adilin Azərbaycana rəsmi səfərinin yeni tarixi diplomatik kanallarla razılaşdırılır. Bu barədə Trend ə İranın Azərbaycandakı səfiri Əfşar Süleymani bildirib.

Səfirin sözlərinə görə, rəsmi dəvətnamə bu günlərdə İran parlamentinin spikerinə təqdim edilib və indi səfərin konkret tarixi və proqramı razılaşdırılır.

Xatırladırıq ki, öncə səfərin ötən ilin dekabrın 16-18-də Rusiya və Belorusa səfər çərçivəsində həyata keçirilməsi planlaşdırılırdı. Amma sonradan Azərbaycana ayrıca səfərin həyata keçirilməsi qərara alındı.

İran parlamenti sədrinin səfəri çərçivəsində Azərbaycanın Milli Məclisinin yeni tərkibində Azərbaycan-İran dostluq parlament qrupunun ilk görüşü keçirilə bilər.

Bu görüş və spikerin səfəri zamanı qanunvericiliyin təkmilləşdirilməsi sahəsində parlamentlərarası əməkdaşlığın inkişafı, qanunların beynəlxalq qanunvericiliyə uyğunlaşdırılması kimi məsələlərin müzakirəsi gözlənilir. İki ölkənin parlamentariləri həm də ikitərəfli siyasi, mədəni və humanitar münasibətlərin inkişafı məsələlərini müzakirə edəcək.

Xəbər lenti

Xəbər lenti