...

YAP Siyasi Şurasının üzvləri Müsavatın təkrar seçkilərdə iştirakla bağlı qərarını alqışlayır

Siyasət Materials 6 Fevral 2006 16:31 (UTC +04:00)

Müsavat Partiyasının 2006-cı il mayın 13-də təkrar seçkilərdə iştirakla və parlamentin işinə qatılmaqla bağlı qəbul etdiyi qərarı düzgün hesab edirəm. Bu barədə Trend ə Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, YAP-ın partiyalararası əlaqələr bölməsinin müdiri, sabiq millət vəkili Səyyad Aran bildirib.

S.Aran bildirib ki, xalqın səsini qazanıb millət vəkili seçilən müsavatçılar mütləq parlamentdə təmsil olunmalıdırlar: "Əgər müsavatçılar parlamentin iclaslarına qatılmayacaqdılarsa niyə seçkilərə gedirdilər? Mən belə hesab edirəm ki, gec də olsa partiya düzgün qərar qəbul edib. Seçicilərə hörmət etmək, təkrar seçkilərdə gücü yenidən sınamaq lazımdır".

YAP Siyasi Şurasının digər üzvü, millət vəkili Aydın Mirzəzadə isə Müsavatın məlum məsələ ilə bağlı qərarının onun üçün gözlənilməz olduğunu bildirib: "Ona görə ki, Müsavat həmişə radikal mövqedən çıxış edib. Belə nəticəyə gəlmək olar ki, partiya daxilində reallıqlarla barışan qüvvələr üstünlük təşkil ediblər. Partiyanın aşağı nümayəndələri yuxarı təbəqəni razı sala bilib ki, onların hakimiyyətə gəlmək üçün apardıqları mübarizənin effekti olmayacaq. Parlamentə getmək və təkrar seçkilərdə iştirak etmək zəruridir".

A.Mirzəzadə onu da qeyd edib ki, Müsavat YAP-dan sonra parlamentdə çoxluq təşkil edən ikinci partiyadır: "Parlamentin rəngarəngliyi də burada təmsil olan tərkibin rəgarəngliyindən asılıdır. Müsavatın küçələrdə həll etmək istədiyi məsələləri parlamentin divarları arasına gətirməyi razılıqla qarşılanmalıdır".

Xəbər lenti

Xəbər lenti