...

Abdullah Gül: "Azərbaycanın sürətli inkişafından qürur duyuram"

Siyasət Materials 10 Fevral 2006 11:30 (UTC +04:00)

Türkiyədə səfərdə olan Azərbaycan Milli Məclisin nümayəndə heyəti Türkiyə baş nazirinin birinci müavini, xarici işlər naziri Abdullah Gül ilə görüşüb. Trend "Azərtaja" istisnadan xəbər verir ki, spiker Oqtay Əsədov, qardaş ölkənin parlamentinin təcrübəsindən bəhrələnməyin zəruriliyini qeyd edib.

O, 2005-ci il noyabrın 6-da Azərbaycanda demokratik və şəffaf şəraitdə parlament seçkilərinin keçirildiyini və bu ilin mayında bəzi dairələrdə təkrar seçkilərin olacağını bildirib. Azərbaycanla Türkiyənin təkcə qardaş ölkələr deyil, həm də strateji tərəfdaş olduqlarını da qeyd edən Oqtay Əsədov, ölkəmizdə xarici sərmayələr üçün əlverişli şəraitin olduğunu və son bir ildə iqtisadiyyatımıza daha 100-ə yaxın Türkiyə şirkətinin sərmayə qoyduğunu bildirib.

Türkiyədə həyata keçirilən islahatlar, iqtisadi tərəqqi və ölkənin Avropa Birliyinə üzvlüyü istiqamətində görülən işlərdən ətraflı bəhs edən Abdullah Gül qardaş Azərbaycanın da sürətli inkişafından qürur duyduqlarını deyib. O, bu yaxınlarda istifadəyə veriləcək Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin ölkələrimizin iqtisadi tərəqqisinə böyük töhfə olacağını bildirib və Qars-Tbilisi-Bakı dəmiryolu layihəsinin də tezliklə həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb. Abdullah Gül xarici siyasət sahəsində Azərbaycan və Türkiyənin daim bir-birinin maraqlarını qorumalarından məmnunluğunu ifadə edib.

Xəbər lenti

Xəbər lenti