...

Mədət Quliyev: "Bakıda hazırlanmış 5 təklif İnterpola üzv dövlətlərə məxfi qriflə göndəriləcək"

Siyasət Materials 14 Fevral 2006 15:20 (UTC +04:00)
Mədət Quliyev: "Bakıda hazırlanmış 5 təklif İnterpola üzv dövlətlərə məxfi qriflə göndəriləcək"

Trend in İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosunun rəisi, polis general-mayoru ilə müsahibəsi

- Mədət müəllim, fevralın əvvəlində İnterpolun bir sıra üzv dövlətlərinin nümayəndələrinin iştirakı ilə "Kalkan" layihəsi çərçivəsində İşçi Qrupunun Azərbaycanda keçirilmiş 2-ci görüşünün nəticələrini necə qiymətləndirirsiniz?

- Əvvəla qeyd edim ki, müşavirə bütün dünyaya meydan oxuyan və mütəşəkkil cinayətkarlığın xüsusilə təhlükəli növü hesab olunan terrorizmlə mübarizə istiqamətində bir sıra təkliflərin hazırlanmasına həsr olunmuşdu. Olduqca mötəbər bir tədbir idi və belə bir tədbirin Azərbaycanda keçıirilməsi İnterpolun Baş Katibliyinin Azərbaycan dövlətinə və hüquq-mühafizə orqanlarımıza olan böyük etimadından irəli gəlirdi. Bu başdan qeyd edim ki, daxili işlər naziri, general-polkovnik cənab Ramil Usubov tərəfindən tədbirin yüksək səviyyədə keçirilməsi üçün xüsusi diqqət ayrılmışdı.

Məlum olduğu kimi, belə bir tədbir ötən il Qazaxıstanda keçirilib. Lakin həmin tədbirdə İnterpola üzv dövlətlərdən yalnız 13-ü iştirak edib. Lakin Bakıda keçirilən tədbirdə Azərbaycan da daxil olmaqla 26 dövlətin 48 nümayəndəsi iştirak edirdi. Məqsədimiz İnterpola üzv dövlətlər arasında terrorizmə qarşı mübarizəni birləşdirmək, bu mütəşəkkil cinayətkarlıqla əlaqədar axtarışda olanların yerlərinin müəyyənləşdirilməsi və yaxalanması istiqamətində informasiya mübadiləsinin genişləndirilməsi sahəsində bir sıra təkliflər hazırlamaq idi.

- Həmin təkliflər nədən ibarətdir?

- Təəssüf ki, qeyd etdiyim kimi, söhbət cinayətkarlığın xüsusilə təhlükəli növündən getdiyi üçün təkliflər də məxfi hesab olunur. Baş Katiblik təkliflərlə tanış olduqdan sonra həmin təklifləri digər üzv dövlətlərə məxfi qriflə göndərəcək. Həmin dövlətlər əgər məqsədəuyğun hesab etsələr, terrorizmlə əlaqədar axtarışda olanların yaxalanması sahəsində təklif olunmuş üsulları tətbiq edəcəklər.

- Müşavirədə erməni terroru ilə əlaqədar çıxışınız oldumu?

- Mən yaranmış fürsətdən istifadə edib dönə-dönə bu mövzu ətrafında çıxışlar edirdim. Erməni terrorçuları tərəfindən 19 92-94-cü illər ərzində Bakı metrostansiyalarında və digər obyektlərdə törədilmiş terror aktları barədə məlumat verirdim. 1994-cü ildə metro partlayışı ilə əlaqədar Zori Balayanın adını xüsusilə vurğuladım və bu gün onun həbsinin baş tutmamasının Azərbaycanın istintaq orqanları üçün problem yaratdığını bildirdim. Onu da qeyd edim ki, müşavirədə iştirak edən İnterpola üzv dövlətlərin nümayəndələrində belə məlumatlar yox idi.

Mən çıxış etdikcə həmin kadrları da ekranda canlandırırdıq və o kadrlar qonaqlar tərəfindən olduqca maraqla qarşılandı. Bundan əlavə, həmin partlayışlar zamanı özüm zərərçəkmiş insanların hadisə yerindən çıxarılmalarında bilavasitə iştirak etdiyim üçün həmin mənzərələri qonaqlara daha dolğun izah edə bilirdim. Qeyd edim ki, terrorçuluq adi bir cinayət deyil. Cinayətin bu növündən hakimiyyət strukturlarına təzyiq və dövlətin siyasət istiqamətini dəyişmək üçün təsir məqsədi güdür. Yəni qeyd etdiyim partlayışlar xalqın və dövlətin iradəsini istənilən istiqamətə yönəltmək niyyəti güdürdü. Lakin qısa zamanda ulu öndərimiz mərhum Heydər Əliyevin siyasəti və daxili işlər naziri Ramil Usubovun rəhbərliyi altında bu cinayətlərin üstü açıldı, cinayət iştirakçılarının şəxsiyyətləri müəyyənləşdirildi və onların bəziləri yaxalanaraq məsuliyyətə cəlb olundu. Ölkədə stabil vəziyyət yarandı.

- Müşavirədə daha hansı problemlərə toxunuldu?

- Kamikadze problemləri ətrafında geniş müzakirələr aparıldı. Bilirsiniz ki, kamikadze qadın, yaxud kişilər bədənlərinə partlayıcı qurğu bağlayaraq hansısa dövlət məmurunun, yaxud dövlət başçısının həyatına qəsd edirlər. Bu, terrorun olduqca təhlükəli növüdür. Həmçinin, İnterpol üçün də böyük problemdir.

- Terrorla əlaqəli ölkələr arasında ən çox hansının adı çəkilirdi?

- Ümummiyyətlə, qeyd etdiyim kimi, terror ümumbəşəri problemdir. Lakin terrorla əlaqəli ölkələr siyahısında İraqın, Əfqanıstanın adları xüsusilə vurğulanır. Hətta müşavirə zamanı bəzi dövlətlər terrorizmlə mübarizədə aciz qaldıqlarını belə gizlətmirdilər.

- Bəs Azərbaycanın hüquq-mühafizə orqanlarının terrorla mübarizə, terrorçuların şəxsiyyətlərinin müəyyənləşdirilməsi, onların həbsi sahəsindəki fəaliyyətini necə qiymətləndirirsiniz?

- Bircə faktı qeyd etsəm kifayətdir. Dünyanın bir sıra ölkələrində törədilmiş terror aktlarında iştirak etmiş bir cinayətkarı həmin ölkələrin hüquq-mühafizə orqanları yaxalaya bilmirdi. İnterpolun Baş Katibliyi 184 dövlətdə həmin cinayətkarın aktarışını elan etmişdi. Lakin necə deyərlər, nə İngiltərə, nə Almaniya, nə di digər dövlətlər həmin cinayətkrarın öhdəsindən gələ bilmirdi. Nəhayət, Azərbaycandan tranzit kimi istifadə etmək istəyən həmin cinayətkar bizim xüsusi xidmət orqanlarımız tərəfindən saxlanıldı.

Halbuki, həmin dövlətlərin hüquq-mühafizə orqanları bu cinayətkarı yaxalamaq üçün maddi və texniki baza baxımından bizdən min dəfələrlə imkanlıdır. Lakin göründüyü kimi, peşəkarlıq, ayıq-sayıqlıq tam başqa şeydir. Bu fakt müşavirə iştirakçıları tərəfindən də xüsusi vurğulandı.

- Qarabağda törədilmiş terror aktları ətrafında hansı müzakirələr aparıldı?

- Azərbaycan Respublikasının Baş Prokurorluğu İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosuna 70-dən artıq erməni mənşəli cinayətkarın siyahısını təqdim edib. Biz də onlardan 40-nın siyahısını İnterpolun Baş Katibliyinə göndərmişik ki, həmin cinayətkarların həbs olunması ilə əlaqədar üzv dövlətlərdə axtarış elan edilsin. Bu yaxınlarda biz buna nail olacağıq. Bəzi qüvvələr həmin cinayətkarları hərbi cinayətkar kimi qələmə verməyə cəhd göstərirlər. Məlum olduğu kimi, İnterpolun Əsasnaməsinin 3-cü bəndinə görə, bu qurum siyasi, hərbi, dini və irqi cinayətkarların axtarışını həyata keçirmir. Lakin biz Baş Katibliyə məktubla müraciət edərək həmin erməni mənşəli cinayətkarların hərbi cinayət yox, vəhşilik törətdiklərini əsaslandırmağa çalışmışıq.

Bildirmişik ki, silahlı şəxs əliyalın qadını, qocanı, körpəni xüsusi qəddarlıqla həyatdan məhrum edirsə, insanı doğrayırsa, gözlərini çıxarırsa, yandırırsa, burada artıq hərbi cinayətdən söhbət gedə bilməz. Bu, vəhşilikdir. Baş Katiblik də bizim fikirlərimizlə razılaşıb
və inanıram ki, yaxın vaxtlarda həmin erməni mənşəli cinayətkarlarla əlaqədar axtarış veriləcək.

Bütün dünyada onların bir dövlətdən digər dövlətə keçmələri məhdudlaşdırılacaq və nəhayət, onlar tökdükləri qanlara görə gec-tez Azərbaycanın ədalət məhkəməsi qarşısında cavab verməli olacaqlar.

Xəbər lenti

Xəbər lenti