...

MSK-ya borclu qalan namizədlərin məhkəmə işləri təkrar seçkiyə qədər yekunlaşacaq

Siyasət Materials 23 Fevral 2006 11:33 (UTC +04:00)

Ötən il parlament seçkilərində iştirak etmiş namizədlərdən MSK-ya borclu olanların məhkəmə prosesləri təkrar parlament seçkisinə qədər başa çatacaq. Bu barədə Trend ə Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Ramiz İbrahimov məlumat verib.

Qeyd edək ki, ötən il 6 noyabr parlament seçkisində iştirak etmiş bütün namizədlərə təbliğat kampaniyası üçün dövlət büdcəsindən bir milyon manat (köhnə pulla) verilmişdi. Seçki Məcəlləsinin tələbinə görə, seçicilərin ümumi səsinin 3 faizindən azını toplamış namizədlər həmin pulu geri qaytarmalıdır. Ramiz İbrahimov bildirib ki, 510 namizəd barəsində həmin vəsaiti geri qaytarması üçün məhkəmələrdə iddia qaldırılıb. Bu namizədlərdən bəziləri artıq pulu ödəyib, bəziləri isə məhkəmə qərarından sonra geri qaytarıb.

"Bir sıra namizədlər pulun ödənilməsi barədə qəbzləri məhkəməyə təqdim etdikdən sonra məhkəmələr də iddiadan imtinanı qəbul edib. Hazırda bizim tərəfdən araşdırma gedir və MSK-ya daxil olan vəsaitləri kimlərin ödədiyi, kimlərin isə hələ də borclu qaldığı dəqiqləşdirilir. Yaxın zamanda bununla bağlı tam məlumatlar toplanacaq"-deyə MSK üzvü bildirib. R.İbrahimov qeyd edib ki, məhkəmələrdə iddia ərizələrinə baxılma müddəti prosesual qaydada müəyyən olunur və burada ən maksimal müddət 3 aydır. Buna görə də təkrar seçkiyə qədər məhkəmə işləri yekunlaşmalıdır.

Xəbər lenti

Xəbər lenti