Aprel ayının 10-da Avstriya Ali Məhkəməsinin sədri Yohan Reşutun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Ali Məhkəməsinin sədri Ramiz Rzayevin dəvəti ilə Bakıya rəsmi səfər edəcək. Bu barədə Trend ə Azərbaycan Respublikası Ali Məhkəməsinin mətbuat xidmətinin rəhbəri Allahverdi Nehrəmli məlumat verib.
Səfərdə məqsəd Y.Reşutun Azərbaycanın məhkəmə sistemində nəzərdə tutulmuş hüquqi islahatlarla, o cümlədən, vakant hakim yerlərinə hakim olmayan namizədlərin imtahanları barədə məlumat almaqdır.
Qonağın ilk görüşü Ali Məhkəmədə Ramiz Rzayevlə planlaşdırılıb. Səfər proqramında həmçinin Apellyasiya və Konstitusiya məhkəmələrinin sədrləri ilə, o cümlədən Baş prokuror Zakir Qaralovla görüşlər də nəzərdə tutulub. "Ola bilsin ki, Yohan Reşutun Prezident İlham Əliyevlə də görüşü baş tutsun" - deyə A.Nehrəmli bildirib.
Səfər aprelin 13-də yekunlaşacaq.