Martın 29-da Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib. Trend "ANS" telekanalına istinadən məlumat verir ki, kollegiya iclasında daxili işlər orqanının 2006-cı ilin 3 ayı ərzindəki fəaliyyəti müzakirə olunub.
Daxili işlər naziri Ramil Usubov iclasda çıxış edərək daxili işlər orqanının bəzi əməkdaşlarının fəaliyyətini tənqid edib. Əsas tənqid obyekti isə polis idarələrinin müstəntiqləri olub. Nazir yol-nəqliyyat hadisələri ilə əlaqədar qaldırılmış cinayət işlərinə müstəntiqlər tərəfindən səthi yanaşıldığını qeyd edib. "Bəzi hallarda isə istintaqçılar hadisə yerinə gec gəlirlər, hadisə yerinin müayinəsi keyfiyyətsiz aparılır, müstəntiqlər yol-nəqliyyat hadisələri ilə əlaqədar cinayət işi qaldırmır" - deyə nazir bildirib.
Nazir çıxışında yol-nəqliyyat hadisələri ilə əlaqədar faktların müstəntiqlər tərəfindən ört-basdır edilməsi ilə bağlı da geniş danışıb.