Türkiyə ilə Azərbaycan arasında həmrəylik və əməkdaşlıq regionun bütün dövlətləri üçün nümunədir. Trend bildirir ki, Türkiyə prezidenti Əhməd Nejdet Sezerin aprelin 4-də Bakıya səfəri zamanı səsləndirdiyi bəyanatında bu barədə deyilir.
"İki xalqın təhlükəsizliyinin təmin edilməsində tərəfdaşlıq yaxın aylarda istismara veriləcək Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəməri layihəsi ilə yanaşı həyata keçiriləcək yeni layihələrin gerçəkləşdirilməsi nəticəsində daha da genişləndiriləcək. Bu münasibətlə mən Azərbaycan prezidenti İlham Əliyevi BTC neft boru kəmərinin açılışı ilə bağlı keçiriləcək təntənəli tədbirdə iştirak üçün dəvət etmişəm"- deyə Türkiyə dövlətinin başçısı qeyd edib.
Ə.N. Sezer bildirib ki, "keçirilən görüşlər zamanı biz yenidən strateji baxımdan ölkələrimizi daha da yaxınlaşdıracaq Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Bakı-Tbilisi-Axalkalaki-Qars dəmir yolu layihələrinin gerçəkləşdirilməsində qətiyyətli olduğumuzu vurğuladıq".
"Mənim Bakıya hazırkı səfərim Türkiyə ilə Azərbaycan arasında qardaşlıq əlaqələrinin yeni təzahürüdür və ikitərəfli münasibətlərin daha böyük inkişafına kömək edəcək"-deyə Türkiyə prezidenti qeyd edib.
Türkiyə prezidentinin sözlərinə görə, Bakıda keçirilən görüşlər zamanı iki ölkə arasında iqtisadi və siyasi əlaqələrin inkişafı, eləcə də regional münaqişələr mövzusu, xüsusilə Dağlıq Qarabağ problemi kimi məsələlər müzakirə edilib.
"Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllini Azərbaycanın ərazi bütövlüyünün sülh danışıqları yolu ilə saxlanılması kontekstində görür"-deyə Sezer qeyd edib və bildirib ki, Ankara Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün lazım olan hər bir şeyi etməyə hazırdır.
Ə. N. Sezer həmçinin Kipr probleminin nizama salınması məsələsinə toxunub. "Biz yenə də kiprli türklərin beynəlxalq təcriddən çıxışı ilə bağlı Azərbaycanın mövqeyindən məmnunluğumuzu bildiririk"-deyə o, sonda bildirib.