Bu il martın 16-da Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının ikinci qurultayında qəbul olunan sənədlər və müraciətlər hələ ki, beynəlxalq təşkilatlara göndərilməyib. Bu barədə Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov məlumat verib.
O bildirib ki, qurultayda həmin sənədlərin bir daha yenidən işlənilməsi, təkmilləşdirilməsi qərara alınıb. Ona görə də hazırda müxtəlif dillərdə hazırlanan müraciət və bəyanatların üzərində iş aparılır: "Texniki məsələlər həll olunan kimi sənədlər müvafiq ünvanlara göndəriləcək".
Nazim İbrahimov Gürcüstanda yaşayan azərbaycanlıların problemlərinin həlli istiqamətində görülən işlərə də toxunub və bildirib ki, Azərbcayan-Gürcüstan hökumətlərarası İşçi Qrupunun yaradılması istiqamətində tədbirlər görülür: "Bu, çox böyük bir proqramdır və üzərində işlər aparılır. Hazırda müvafiq nazirliklərdən, dövlət orqanlarından razılıqlar alınır. Bu proses müəyyən bir vaxt tələb edir, amma mən güman edirəm ki, yaxın vaxtlarda Nazirlər Kabinetinin bu İşçi Qrupun yaradılması barədə qərarı olacaq".
N.İbrahimov onu da deyib ki, bu il Türkiyədəki Azərbaycan təşkilatlarının Forumu keçiriləcək. Lakin hələlik həmin tədbirin vaxtı müəyyən edilməyib.