Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Rene Van der Linder əmin olsun ki, Azərbaycanda təkrar seçkilər həmişəki kimi şəffaf və demokratik keçiriləcək. Bu barədə Trend ə Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı bildirib.
Qeyd edək ki, AŞPA-nın sədri mayın 13-də parlamentə keçiriləcək təkrar seçkilərdə şəffaflıq və demokratiklik qorunmayacağı halda Azərbaycanın qurumdakı mandatdan məhrum ola biləcəyini söyləyib. Onu da bildirək ki, təkrar seçkilərin nəticələri AŞPA-nın yay sessiyasında müzakirə ediləcək.
F.Ağamalı isə qeyd edib ki, AŞPA-nın sədri bu məsələdə narahat olmasın: "Azərbaycanda keçirilən seçkilər xırda qanunsuzluqlar nəzərə alınmasa, azad və ədalətli keçirilib. Mayın 13-də keçiriləcək təkrar seçkilərdə də bu prinsiplər qorunacaq. Ümid edirəm ki, Avropa Şurasının bu seçkilərlə də bağlı heç bir iradı olmayacaq".