Bu gün Azərbaycanda 10 seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilər keçirilir. Trend in məlumatına görə, səhər saat 8.00-da həmin dairələr üzrə səsverməyə başlanılıb.
Təkrar seçki 9 saylı Binqədi ikinci (18 namizəd), 31 saylı Suraxanı ikinci (13 namizəd), 38 saylı Gəncə-Nizami ikinci (13), 42 saylı Sumqayıt ikinci (15), 44 saylı Sumqayıt-Abşeron (14), 69 saylı Cəlilabad-Masallı-Biləsuvar (11), 103 saylı Gədəbəy (12), 106 saylı Tovuz-Qazax-Ağstafa (7), 110 saylı Zaqatala (7), 119 saylı Ağdam kənd (14 nəfər namizəd) seçki dairələri üzrə keçirilir. Bu dairələrdə 343 seçki məntəqəsi fəaliyyət göstərir. Onlardan 334-ü adi məntəqələr, 9-u isə hərbi hissələrdə və islah-əmək müəssisəsində yaradılan məntəqələrdir.
Qeyd edək ki, bu seçkidə deputat mandatı uğrunda 124 nəfər namizəd mübarizə aparır. Namizədlərdən 60 nəfəri bitərəfdir, 17 nəfər isə partiya mənsubiyyətini göstərməyib. Seçkidə Yeni Azərbaycan Partiyasının (YAP) 10 nəfər, Müsavat Partiyasının 9, AMİP-in 5, BAXCP-ın 5, Ümid Partiyasının 3, Kommunist Partiyasının 3, Ədalət Partiyasının 3, AXCP-nin 2, Xalq Demokratik Partiyasının 1, VHP-nin 1, Demokratik Azərbaycan Dünyası Partiyasının 1, ASDP-nin 1, Vəhdət Partiyasının 1, Demokratik İslahatlar Partiyasının 1, Böyük Azərbaycan Partiyasının 1 üzvü namizəddir.
MSK-nın "Seçkilər" İnformasiya Mərkəzi də saat 8.00-dan işinə başlayıb və mayın 14-ü saat 19.00-dək fəaliyyətini davam etdirəcək. Bu gün seçicilərin fəallığı və seçkinin nəticələrinə dair məlumatlar gün ərzində mütəmadi olaraq "Seçkilər" İnformasiya Mərkəzi tərəfindən açıqlanacaq. Səsvermə axşam saat 19.00-da başa çatacaq.