...

Gültəkin Hacıyeva: "AŞPA-nın Monitorinq Komitəsində mayın 13-də parlamentə keçirilən təkrar seçkilərin nəticələri yüksək qiymətləndirilib"

Siyasət Materials 22 May 2006 12:38 (UTC +04:00)
Gültəkin Hacıyeva: "AŞPA-nın Monitorinq Komitəsində mayın 13-də parlamentə keçirilən təkrar seçkilərin nəticələri yüksək qiymətləndirilib"

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsində mayın 13-də parlamentə keçirilən təkrar seçkilərin nəticələri yüksək qiymətləndirilib. Bu barədə Trend ə eksklüziv olaraq Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti rəhbərinin müavini Gültəkin Hacıyeva bildirib.

G.Hacıyeva onu da qeyd edib ki, komitənin iclasında Azərbaycan nümayəndə heyəti ilə AŞPA-nın müşhadə missiyası arasında fikir mübadiləsi aparılıb: "Müşahidə missiyası Azərbaycanda parlamentə keçirilən təkrar seçkilərin nəticələrini yüksək qiymətləndiriblər. Leo Platvoet təkrar seçkiləri əvvəlki seçkilərlə müqayisədə çox uğurlu adlandırıb. O, seçkiyə hazırlığı yüksək qiymətləndirib". Millət vəkili onu da bildirib ki, Leo Platvoet səslərin hesablanmasında iştirak etmədiyi üçün bu məsələ ilə bağlı konkret heç nə söyləyə bilməyəcəyini vurğulayıb: "Ancaq missiyanın digər üzvləri - almaniyalı parlamentar Lintner, belçikalı parlamentar Qoriç isə bildiriblər ki, səslərin hesablanması prosesini izləməsələr də, bu prosesdə iştirak edən yerli müşahidəçilərlə apardıqları söhbətlərdən məlum olub ki, proses şəffaf keçirilib".

Millət vəkili onu da vurğulayıb ki, belçikalı parlamentar Qoriç çıxışında təkrar seçkilərdə səs qazanmayan namizədlərin müşahidəçiləri ilə apardlığı söhbətlərə toxunub. Məğlub olan namizədlərin müşadidəçiləri də ona səslərin hesablanmasında şəffaflığın qorunduğunu bildiriblər: "Müşahidə missiyasının digər üzvləri bu məsələyə tənqidi yanaşdılar. Onlar qeyd etdilər ki, təkrar seçkilərdə irəliləyiş olsa da, AŞPA-nın yay sessiyasında 13 may təkrar seçkiləri ilə yanaşı 2005-ci il 6 noyabr seçkilərində baş verən qanun pozuntuları da müzakirə olunmalıdır. Ancaq komitənin üzvləri buna etiraz ediblər. Onlar qeyd ediblər ki, Azərbaycan-Avropa Şurası münasibətlərinin taleyi mayın 13-də parlamentə keçiriləcək təkrar seçkilərdən asılıdır. Seçkilər isə uğurlu olub, Avropa standatları çərçivəsində keçirilib. Bu baxımda iyun sessiyasında Azərbaycanla Avropa Şurası arasında hər hansı bir gərginliyin yaşanmayacağını bildirmək olar".

G.Hacıyeva onu da qeyd edib ki, müzakirələrdə Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov tutarlı arqumentlərlə çıxış edib. Millət vəkili Monitorinq Komitəsinin iclasında qurumun Azərbaycan üzrə həmməruzəçisi Andreas Qrossun iştirak etmədiyini qeyd edib.

Xəbər lenti

Xəbər lenti