Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iyun sessiyasına Ermənistanın işğalçı siyasəti ilə bağlı növbəti sənədin çıxarılmasına çalışacağıq. Bu barədə Trend ə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rəfael Hüseynov bildirib.
R.Hüseynov bildirib ki, sənədi tanış olmaq və imzalamaq üçün komitə üzvlərinə təqdim edəcək. Millət vəkili sənədin adını açıqlamağa hələ ehtiyac görmədiyini vurğulayıb. Bildirib ki, qarşı tərəflə bağlı hazırlanan sənədlərin məzmunu rəsmən qəbul olunub, nəşr edilənədək açıqlanmır: "Çünki qarşı tərəf bu sənədin qarşısını almaq üçün müəyyən tədbirlər görə bilər". Millət vəkili sənədin mahiyyətini qısa da olsa bildirib. Qeyd edib ki, əsas mahiyyət Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı müharibənin nəticələri ilə bağlıdır.
P.Hüseynov onu da bildirib ki, əsas məqsəd bu sənədlə bağlı komitənin dəstəyini almaq və bundan sonra onu qurumun yay sessiyasının müzakirəsinə salmaqdır.
Millət vəkili vurğulayıb ki, iyunun 7-də AŞPA-nın hüquqi işlər və insan hüquqları komiətəsinin iclasında iştirak edəcək: "İclasda Azərbaycanla bağlı məsələ gündəliyə salınmayıb. Amma insan hüquqları ilə bağlı bir neçə məsələnin müzakirəsi aparılacaq ki, mən də bu məsələlərlə bağlı çıxış edəcəm".