Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Türkiyənin Antaliya şəhərində keçirilən Dünya Azərbaycanlıları Ziyalılarının I Forumu iştirakçılarına təbrik ünvanlayıb. Trend xəbər verir ki, prezident təbrik məktubunda forum iştirakçılarına qarşıda duran böyük vəzifələrin yerinə yetirilməsində uğurlar diləyib.
Prezident qeyd edib ki, müxtəlif sahələrdə çalışan ziyalılar dünyanın elm və mədəniyyət xadimləri, ictimai və siyasi təşkilat nümayəndələri, dövlət orqanlarının təmsilçiləri ilə əlaqələrini daha da gücləndirməli, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə dolğun surətdə çatdırılması və xalqımızın mənafelərinin layiqincə qorunması üçün ardıcıl səylər göstərməlidirlər.
Dövlət başçısı bildirib ki, bu məsələdə diasporumuzun da üzərinə mühüm vəzifələr düşür. Azərbaycan diasporunun son illərdə keçdiyi inkişaf yolu onun böyük potensiala malik olduğunu göstərir. Bu potensialın əsas daşıyıcısı xaricdə yaşayan həmvətənlərimizin mütəşəkkil hissəsini təşkil edən elm, təhsil, mədəniyyət və incəsənət xadimlərindən ibarət ziyalılarımızdır. Yüksək intellektual səviyyəsi və dərin düşüncə tərzi ilə seçilən ziyalılar cəmiyyətin qabaqcıl təbəqəsi kimi proseslərə düzgün qiymət vermək və səfərbəredici missiyanı yerinə yetirmək imkanlarına malikdir.